Qondarma rejim özünü buraxdı - Separatçılar rəsmən tarixə gömüldülər

 Qondarma rejim özünü buraxdı  - Separatçılar rəsmən tarixə gömüldülər
  28 Sentyabr 2023    Oxunub:2218
Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qondarma qurum özünü buraxdığını elan edib.
AzVision.az xəbər verir ki, separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb.

“Vardanyan planı” niyə pozuldu | Vüsal Məmmədovun təhlili
“2024-cü il yanvarın 1-dək "hakimiyyətin" tabeliyində olan bütün "dövlət qurumları" və təşkilatları ləğv edilir, "Dağlıq Qarabağ Respublikası"nın fəaliyyəti dayandırılır", - Şahramanyanın imzaladığı sənəddə deyilir.

Qeyd edilir ki, həmçinin Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyinə əsasən Azərbaycan nümayəndələri ilə əldə edilmiş razılaşmadan irəli gələrək Qarabağ erməniləri, o cümlədən silahlarını yerə qoymuş hərbçilər öz əmlakları ilə sərbəst, könüllü şəkildə sərhəddən maneəsiz keçir, onların nəqliyyat vasitələrinin Laçın dəhlizi ilə hərəkəti təmin olunur.

Xatırladaq ki, Azərbaycan Ordusunun bir neçə gün öncə Qarabağın ermənilər yaşayan bölgələrində başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların ağ bayraq qaldıraraq təslim olması ilə nəticələnmişdi. Nəticədə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərksilah olunmuşdular.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Separatçı   Qarabağ  





Xəbər lenti