Bakıxanov adına mükafat təsis olundu

Bakıxanov adına mükafat təsis olundu
  11 İyun 2014    Oxunub:1181
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına mükafat təsis edib.
AMEA-dan AzVision.az-a daxil olan məlumata görə, bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu il Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nüma­yən­dəsi, böyük maarifçi, tanınmış alim və şair A.Bakıxanovun anadan olmasının 220-ci ili tamam olur. Prezident İlham Əliyevin bu il fevralın 12-də imzaladığı “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələri nəzərə alaraq alimin adına mükafat təsis olunmuş və əsasnaməsi təsdiq edilib. Mükafat tarix, fəlsəfə, sosiologiya, hüquq, beynəlxalq münasibətlər və şərqşünaslıq sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə veriləcək.

Namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürüləcək.

Tədbirin davamında Abbasqulu Ağa Bakıxanov adına mükafat təsis edilib, əsasnaməsi təsdiq olunub. Nizami adına Ədəbiyyat İnstitutunun yeni strukturunun təsdiq edilməsi, Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq şöbəsinin yaradılması haqqında da qərarlar qəbul olunub.

Daha sonra kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi, akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutu, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutu, kimya üzrə fəlsəfə doktoru Qəhrəman Həsənov isə Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru vəzifəsinə təyin ediliblər.


Teqlər:  



Xəbər lenti