“Ermənistan müharibənin başlamasını gözləyir”

“Ermənistan müharibənin başlamasını gözləyir”
  12 İyun 2014    Oxunub:856
“Azəbaycan torpaqlarını işğal altında saxlayan, ölkəmizin bir parçası olan Dağlıq Qarabağı bizdən qoparmağa çalışan Ermənistan bu gün də müharibənin başlayacağını gözləyir”.
AzVision.az xəbər verir ki, bu fikirləri Salamnews-a müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Vitse-spikerin fikrincə, Ermənistan tərəfi Azərbaycanda baş verən inkişafdan ciddi narahatdır.

“Onlar ciddi narahat olurlar və bu barədə düşünür. Biz onların məhz bu barədə düşünmələrini istəyirik. Onlar bilsinlər ki, Azərbaycan nə qədər inkişaf edərsə və güclənərsə, Dağlıq Qarabağı işğaldan bir o qədər tez azad etmək imkanlarına malik olacaqlar. Biz Qarabağı başqalarının gücü, yardımı hesabına deyil, öz gücümüzə, xalqın iradəsi hesabına azad edəcəyik”.

B.Muradova həmçinin Rusiya-Azərbaycan münasibətlərindən söz açıb.

Bildirib ki, Azərbaycanın Rusiya ilə münasibətləri inkişaf etdirmək istəməsindən Ermənistanın hakimiyyət dairələri narahat olurlar.

“Bu ölkə bölgədə təcavüzkar siyasət həyata keçirdiyi və özgə torpaqlarını işğalda saxladığı üçün təcrid vəziyyətinə salınıb. Buna görə də onlar yaranmış vəziyyətdən istifadə edərək, Rusiyanın mövcud imkanlarından maksimum yararlanmağa çalışırlar. Bu da bəzi hallarda rəsmi Moskva tərəfindən loyallıqla qarşılanır. Ermənistan həmişə Azərbaycanın təkcə Rusiya ilə deyil, digər ölkələrlə də qurduğu ikitərəfli münasibətlərə mane olmağa çalışıb. Ancaq başa düşmür ki, bu düşmənçilik siyasəti sonradan onun əleyhinə və dünyadan təcrid olunmasına yönəlir. Biz isə dəfələrlə bəyan etmişik ki, Azərbaycan heç bir dövlətə qarşı düşmənçilik siyasəti həyata keçirməyib. Amma bizə qarşı düşmənçilik siyasəti həyata keçirənlər, ölkəmizdə bütün sahələrdə baş verən inkişafdan və qonşu dövlətlərlə qurduğu münasibətlərdən həmişə narahat olublar. Bunu aradan qaldırmaq üçün yalnız bir yol var. Bu yol Ermənistanı bu siyasətindən əl çəkməyə vadar etməkdir və biz buna nail olacağıq.”


Teqlər:





Xəbər lenti