Səyyad Arandan müxalifətə sərt tənqid

Səyyad Arandan müxalifətə sərt tənqid
  13 İyun 2014    Oxunub:1301
“AXC-“Müsavat” hakimiyyətində təmsil olunan şəxslər ölkəni idarə etmək üçün dövlətçilik təcrübəsinə və kifayət qədər siyasi səriştəyə malik deyildilər”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran) hakim partiyanın saytına verdiyi müsahibədə bildirib.

S.Aranın fikrincə, AXC-də hakimiyyət daxilində qısqanclıq, intriqa və ziddiyyətlər hökm sürürdü. Bu da ölkəni xaos və tənəzzülə aparırdı.

“XX əsrin sonlarında dünya siyasətində çox ciddi hadisə və dəyişikliklər baş verdi. Məlum olduğu kimi, həmin dövrdə SSRİ çökməyə başladı və bu İttifaqda təmsil olunan xalqlar milli azadlıq mücadiləsinə qalxdılar. Bu mübarizənin önüdə gedən toplumlardan biri də Azərbaycan xalqı idi. Xalqımız 1920-ci ildə itirdiyi müstəqilliyi yenidən bərpa etmək niyyətində idi. Hadisələrin gedişatı Azərbaycan xalqının müstəqilliyə qovuşması ilə nəticələndi. Amma 18 oktyabr 1991-ci il tarixində müstəqilliyin elan olunmasından sonra ictimai-siyasi sabitlik təmin edilə bilmədi. Bunun əsas səbəbi o idi ki, o zaman ölkəyə rəhbərlik edən hakimiyyətdə müstəqillik uğrunda qətiyyətli mübarizə aparan xalqı irəli daşıyacaq lider yox idi.

AXC-“Müsavat” hakimiyyətində təmsil olunan şəxslər ölkəni idarə etmək üçün dövlətçilik təcrübəsinə və kifayət qədər siyasi səriştəyə malik deyildilər.

Hakimiyyət daxilində isə qısqanclıq, intriqa və ziddiyyətlər hökm sürürdü ki, bu da nəticə etibarilə ölkə daxilindəki xaos və tənəzzülü şərtləndirirdi”.

S.Aran qeyd edib ki, Azərbaycanı düşdüyü çətin durudan mərhum prezident Heydər Əliyev xilas edib.

“Belə bir şəraitdə Azərbaycan xalqı xilaskarlıq missiyası üçün üzünü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə tutdu. Çünki Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və vətəndaş müharibəsindən xilas edəcək yeganə lider idi. Beləliklə, iyunun 9-da Naxçıvandan Bakıya gələn, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev Azərbaycanın xilasına nail oldu. Baş verən hadisələrin mahiyyəti və qanunauyğunluğunu dərindən dərk edən, xalqının tarixinə, mübarizə əzminə bələd olan Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı və bəyan etdi ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir, daimidir. Bu, Azərbaycan tarixində, sözün əsl mənasında, dönüş nöqtəsi oldu”.

AzVision.az


Teqlər:  





Xəbər lenti