Azərbaycanda İŞİD təhlükəsi varmı? - AKTUAL

Azərbaycanda İŞİD təhlükəsi varmı? - AKTUAL
  13 İyun 2014    Oxunub:1709
Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan və hazırda İraqda bu “mübarizəsi”ni davam etdirən İŞİD terror qruplaşması artıq iki gündür ki, Mosul şəhərini ələ keçirib.
Burada sərt şəriət qanunlarının tətbiqinə başlayan qruplaşma təkcə İraqın Mosul şəhərini deyil, şiələrin çoxluq təşkil etdiyi Kərbəla və Nəcəf şəhərlərini də ələ keçirməyi planlaşdırır.

Təşkilat üzvlərinin bu gün sosial şəbəkələrdə paylaşdığı xəritədə bir neçə ölkə və şəhərin adı çəkilir ki, orada İŞİD tərəfindən şəriət üsul-idarəsinin bərqərar olması planlaşdırılır. Bunlar arasında Türkiyə, Roma və Qüds şəhəri, eləcə də Azərbaycan da var.

İŞİD-in hazırladığı xəritə Azərbaycanın qeyd edilməsi nədən xəbər verir? İŞİD ölkəmiz üçün təhlükəli ola bilərmi?

Politoloq Qabil Hüseynli prosesləri AzVision.az-a şərh edib. Ekspert hesab edir terror qruplaşmasının hazırladığı xəritə tamamilə qeyri-realdır.

“Bu təşkilat vəhabi hərəkatdır və vəhabilərin də kimlər tərəfindən maliyyələşdirildiyi və yönləndirildiyi artıq hamıya bəllidir. Bu təşkilat bütün “qırmızı xəttlər”i keçib. Artıq Türkiyə, Azərbaycan və digər ölkələri təhdid edir. Dünya üçün az qala benyəlxalq terrorizmin simvoluna çevrilib. İki gündür dünyanın aparıcı dövlətlərinin liderləri bir-birilə məsləhətləşir. Başda ABŞ və Rusiya olmaqla BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı qəbul edilib. Qərarda söhbət terrorçu təşkilatın neytrallaşdırılması və sıradan çıxarılmasına yönəldilmiş tədbirlərin hazırlanmasından gedir”.

Q.Hüseynli vurğulayır ki, arıtq İŞİD-lə mübarizə üçün hərbi-siyasi ittifaqa bənzər birlik formalaşmaqdadır: “Onların artıq bəzisi hərəkətə keçib. Məsələn, İran İŞİD-ə qarşı özünün “Elit” döyüşçü dəstəsini göndərib. Güman edirəm ki, yaxın vaxtlarda İŞİD özünün ilk ciddi zərbəsini alacaq. Türkiyənin də yaxın vaxtlarda bu prosesə qoşulması real görünür. NATO da bu məsələni müzakirə edib. Dünyanın böyük hissəsi bu təşkilatın hərəkətlərini özləri üçün təhlükə kimi görür. Bəla orasındadır ki, bu təşkilat hətta İslamın digər məzhəbi şiəliyi də qəbul etmir, onları kafir sayır. Bu, çox ağlasığmaz və sərsəm ideyadır. Mütləq öz cavabını tapacaq. Güman edirəm ki, lap yaxın günlərdə həm İraqa dəstək xətti ilə, həm də bütövlükdə bu təşkilatı lokallaşdırıb sıradan çıxarmaq məqsədilə başda Amerika olamqla, NATO, hətta İran və Türkiyə proseslərə müdaxilə edəcək və bu təşkilatı sıradan çıxaracaq. Çünki ABŞ bir vaxtlar Əl-Qaidəni düşmən elan etmişdi İŞİD üzvləri də özlərini həmin təşkilatın davamçısı sayır”.


Azərbaycan əhaləsi arasında da vəhabilik təriqətini qəbul edənlərin, hətta buna görə həmin təşkilata qoşulub Suriyada döyüşənlərin sayı az deyil. Buna görə də Azərbaycanda daxildən hər hansı bir təhlükənin olub-olmadığı da maraqlıdır.

Politoloq isə hesab edir ki, Azərbaycanda İŞİQ üzvlərinin təhlükə yaradacaq portensialı yoxdur: “Amma ictimai rəyi çaşdıra, bəzən müxtəlif şayiələr yaya bilərlər. Onların özünə məxsus təbliğat mexanizmləri var. Bu mexanizmlərdən ölkədə müxtəlif uydurmaların yayılmasında iştriak edirlər. Güman edirəm ki, hakimiyyətin aiddiyyatı qurumları bu məsələlərlə də ciddi məşğul olacaq və lazımi ölçülər götürəcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti