Gəncədə küçəyə atılan uşaqların vəziyyəti açıqlandı: "Anaları narkotik aludəçisidir"

   Gəncədə küçəyə atılan uşaqların vəziyyəti açıqlandı:    "Anaları narkotik aludəçisidir"
  25 Oktyabr 2023    Oxunub:1204
Gəncədə azyaşlıların küçəyə atılması ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə AzVision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Onun sözlərinə görə, artıq məsələ aidiyyəti dövlət qurumları tərəfindən məsələni nəzarətə götürülüb.

"Uşaqları atan nənə ilə əlaqə saxlanılıb. O bildirib ki, uşaqların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edib və uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub. Körpələr xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib".

T.Mərdənoğlu qeyd edib ki, əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib: "Uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək", - qurumdan bildirilib.

TƏBİB-dən AzVision.az -a bildirilib ki, 21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.

"Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir".

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti