"Dəmir kaskalı erməni silahı mənə tərəf tutub, bədənimə təpiklə vurmağa başladı" - Zərərçəkən

   "Dəmir kaskalı erməni silahı mənə tərəf tutub, bədənimə təpiklə vurmağa başladı" -    Zərərçəkən
  25 Oktyabr 2023    Oxunub:1359
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi davam edir.
Prosesdə məlum olub ki, iş üzrə zərərçəkmiş şəxslər üzürlü səbəbdən məhkəmə iclasına gəlməyib. Həmin şəxslər məhkəməyə teleqram göndərərək ibtidai istintaqa verdikləri ifadəni təstiqləyib.
"Azərbaycanlılara qarşı soyqırım törədənlərin Allah canını aldı" - Xaçatryan


Dövlət ittihamçısı bildirib ki, prosesə gələ bilməyən zərərçəkmişlərin ifadəsi elan olunsun. Məhkəmə istintaq ifadələrini elan edib.

AzVision.az zərərçəkən Mehralıyev Elnarə Çərkəzqızının ifadəsini təqdim edir:

"Mən doğulandan kənd boşalana qədər Meşəli kəndində yaşamışam. 1988 - ci ildə 7 yaşım var idi. Vaildeyinlərimdən eşitdim ki, ermənilər bizim camaatı qırıblar. 1991- ci ildə 10 yaşım olanda münasib şərait yaranan kimi ermənilər yenə kəndimizə silahlı hücum edib mallarımızı qırdılar, insanları öldürdülər. Əmim Əjdər də özünümüdafiə dəstəsinin üzvü idi. 10 - 20 nəfərdən ibarət milli ordunun könüllüləri də köməyə gəlmişdi. 1991- ci ilin 22 dekabrında nənəmgilə getmişdim. Babam postda qalmışdı. 23 dekabrda bizi yuxudan durquzub dedilər ki, ermənilər kəndə hücum ediblər. Qonşumuz Novruzgilə sığındıq. Evin üst tərəfi yanırdı. Biz isə atəşdən evdən çıxa bilmirdik. Evdən qaçmaq istəyəndə ayaqlarımdan, əllərimdən yaralandım. Bibim belindən yaralandı, onu evə sala bilmirdik. Novruz kişinin qızı da yaralanmışdı. Bibimin saçları yandırıcı maddədən yanırdı. Onu güclə evə apardıq. Novruz kişinin digər qızını da vurdular. Evdən çıxıb qaçanda bibim yolda qalmışdı. Mən qaçırdım. Yolda ucaboylu , üzündə xalı olan ermənini gördüm. O, məni nədənsə vurmadı. Qaçan zaman Qələbə xala da var idi. Biz əsgərlərin olduğu məktəbin binasına gəlib çatdıq. Orada 3 ailə var idi. Onlar da çıxa bilmirdilər. Qonşumuz Qənimət kişinin oğlu İsmayılı ermənilər başından vurdular. Biz bir qədər qaçdıqdan sonra pəyə kimi bir yerə girdik. İsmayılın meyiti mağazanın qarşısında qalmışdı.

Biz həmin yerdən çıxıb çayla gedəndə buz sındı. Ayağım suya düşdü. Bir əsgər mənim yaramı sarıdı. Atam bizi tapdı, sonra bibimin dalınca gedib, onu gətirdi. 23 dekabr döyüşlərində iştirak edənlərdən Əzimov Tahiri tanıyırdım. Hücum edən erməniləri tanımırdım, ancaq kənd camaatı deyirdi ki, Badara kəndinin erməniləridir. Hazırda Qəbələdə yaşayıram".

Daha sonra zərərçəkən Firuzə Mehraliyeva ifadə verib : "Mən uşaq olarkən Xocalı rayonunun Meşəli kəndindən köçmüşəm. Səhər saat 6-da ailə üzvlərimlə birlikdə evdə idik. Səhər tezdən evimizi gülləbaran etdilər. Biz döşəmənin altında gizləndik. Yoldaşım yaralandı, bir nəfər alçaq boylu dəmir kaskalı erməni silahı mənə tərəf tutdu. Sonra mənim bədənimə təpiklə vurmağa başladı. Tofiq Hüseynovun dəstəsi gəlib, bizi ermənilərin hücumundan qurtardı. Bizim evə hücum edən ermənilər dəmir maskalı idi. Birinin qulağında sırğa var idi.

Novruzun evinə hücum edən Armanis, Eres, Kolya idi. Onlar Badara kəndində yaşayırdı. Hazırda sağ böyrəyim işləmir. Ermənilərin işgəncələrindən bu vəziyyətə düşmüşəm, hələ də həkim nəzarətindəyəm".

Zərərçəkən Əzizova Elmira Məhəmmədqızı : "Məcburi köçkün kimi Naftalan şəhərində yaşayıram. Adım sənədlərdə Elmiradır. Kənd arasında Bənövşə deyirlər. 1970- ci ildə Meşəlidə anadan olmuşam. Bir bacım, 4 qardaşım var idi. Anam və atam vəfat ediblər. 1991- ci ilin 23 dekabrında səhər atəş səsləri eşitdim. Qardaşım və atam postda idilər. Ermənilər qarşılarına çıxanı qırırdılar. Mən də ayağımdan bə digər nahiyyələrimdən yaralanmışdım. Anam məni sürüyüb Ağdama gətirmişdi. Orada xəstəxanaya yerləşdirmişdilər. Novruz kişi və ailəsi öldürülmüşdü. Qardaşım qızı Elnarə də yaralanmışdı. Xocalı işğal olunana kimi Ağdamda müalicə olunmuşam. 1997- ci ildən ikinci qrup əlil kimi yaşayıram".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti