Şagirdləri zəhərləyən dönərxana bağlandı - RƏSMİ

 Şagirdləri zəhərləyən dönərxana bağlandı -    RƏSMİ
  25 Oktyabr 2023    Oxunub:1661
Bakıda 21 şagirdin zəhərlənməsinə səbəb olan dönərxana bağlanılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il 24 oktyabr tarixindəAQTA-nın "1003-Çağrı Mərkəzi"nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 21 nəfər məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb.

"Toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən "Şah dönər" ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub. Faktla bağlı Agentliyin müfəttişləri tərəfindən "Şah dönər" ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. Araşdırmaların yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq".

Qeyd edək ki, şagirdlərdən biri evə buraxılıb, digərlərinin vəziyyəti stabildir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti