Lənkəranda möhtəşəm qastronomik festival keçirilir - FOTOLAR

 Lənkəranda möhtəşəm qastronomik festival keçirilir    - FOTOLAR
  28 Oktyabr 2023    Oxunub:2019
Lənkəranın "Xəzər Palas" otelində Azərbaycanın cənub mətbəxinə həsr olunmuş möhtəşəm festival keçirilir.
Festival çərçivəsində yerli mətbəxdə hazırlanan təamlarla yanaşı, Azərbaycanın cənub bölgəsinin mədəniyyət nümunələri də təqdim edilir.

Festivalın ziyarətçiləri dadlı təamlar- fərqli yeməklər, içkilər və ümumilikdə Lənkəran süfrəsinə aid hər bir məhsuldan dadaraq Azərbaycanın süfrə mədəniyyəti ilə yaxından tanış olurlar.



“Bir Cənub Şəhərində” adı altında keçirilən bu mühüm mədəniyyət tədbirində aşpazların master-klasları da nümayiş olunur.



Tədbir iştirakçıları Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində hazırlanmış məhsulları, incəsənət nümunələri ilə yanaşı, yerli özəl şirkətlərin də ərzaqlarından dadıblar. Festivala əcnəbi turistlər də maraq göstərirlər.



Bundan başqa, qonaqlara ilin ən ləzzətli hadisəsi rəmzi adı verilən festivalda əyləncəli müsabiqələr, musiqi və rəqs nömrələri də təqdim edilir. Festival 23:00-a kimi davam edəcək.



Lənkəran mətbəxini fərqli edən cəhətlər nəsildən-nəslə ötürülərək, günümüzə qədər olduğu kimi gəlib çatıb. Bu mətbəxin təqdim etdiyi təamların hər biri özündə bölgənin zəngin süfrə mədəniyyətinin tarixi izlərini daşıyır.



Belə bir kulinar irsə malik olan Lənkəran, təbii ki, hər zaman dünya qurmanlarının diqqətini cəlb edib. Azərbaycan qastronomiyasının sehrini kəşf etməyə çalışanlar daim mətbəxlə mədəniyyətin üzvi şəkildə birləşdiyi bu regiona can atıblar.



Qeyd edək ki, Azərbaycanın cənub bölgəsinin mirvarilərindən olan Lənkəran heyrətamiz qastronomik zənginliyi ilə seçilir. Buna görə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilən Lənkəranın mətbəxi cənub bölgəmizdə unikallığı ilə seçilir.











































AzVision.az


Teqlər: Lənkəran  





Xəbər lenti