Türkiyənin tikinti qurumunun əməkdaşları FHN-də olub

Ötən il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”un icrası planına uyğun olaraq həyata keçirilən görüş zamanı Türkiyənin tikintiyə nəzarət və sınaq-yoxlama işləri sahəsində uğurla tətbiq olunan Elektron Beton İzləmə Sistemi (EBİS), onun təyinatı, iş prinsipi, komponentləri ilə bağlı təqdimatlar edilib, sistemin özəllikləri və sınaq laboratoriyalarında tətbiq edilmə şərtləri barədə məlumat verilib.
Həmçinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun sınaq laboratoriyaları tərəfindən betonun müxtəlif xassələrinin təyin edilməsi istiqamətində həyata keçirilən işlər, EBİS sisteminin yerli şəraitlərə uyğunlaşdırılması imkanları, inşaat materiallarından nümunələrin götürülməsi və sınaq prosedurları barədə söz açılıb, sistemin yerli laboratoriyalarda təşkili ilə bağlı texniki məsələlərə toxunulub. Bununla əlaqədar praktiki çalışmaların aparılmasına dair razılıq əldə olunub.
Bundan başqa, iki gün davam edəcək səfər çərçivəsində Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə təbii fəlakətlərin miqyası və nəticələrinin qiymətləndirilməsi, qiymətləndirmə və hesablama metodikasının hazırlanması, zərər dəymiş binaların gücləndirilməsi və bununla əlaqəli mövzular üzrə təqdimatlar ediləcək, fikir mübadiləsi aparılacaq.
AzVision.az
Teqlər: