İlham Əliyev: "Biz sürətlə irəli getdik"

İlham Əliyev: "Biz sürətlə irəli getdik"
  14 İyun 2014    Oxunub:928
"Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq. Bizim əlaqələrimiz bir çox sahələri - siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir".

AzVision.az məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə prezident İlham Əliyev deyib.

Dövlət başçısı Barrozunu Azərbaycanda yenidən görməyinə şad olduğunu deyib. O, qeyd edib ki, planlar və görülmüş işlər barədə çox yaxşı müzakirələr aparılıb.

"Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik - Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, Sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcəkdir. Bir daha Azərbaycana xoş gəlmisiniz".

Avropa Komissiyasının sədri İlham Əliyevə təşəkkür edib. O, “Cənub” dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı əvvəlki səfərini çox yaxşı xatırladığını qeyd edib. "Bu layihə hazırda uğurla həyata keçirilir. Mən, eyni zamanda, ötən ilin iyulunda Sizi Brüsseldə salamlamaq şərəfinə nail oldum. Biz, həmçinin Vilnüsdə “Şərq tərəfdaşlığı” Sammitində görüşdük. Mən görüşlərimizin intensivliyini görməkdən çox şadam.
Dünən gecə buraya gələn kimi Bakının əhəmiyyətli dərəcədə müasirləşdiyini gördüm, 2011-ci illə müqayisədə yaxşılığa doğru çoxlu fərqlər vardır. Mən bununla bağlı Sizi təbrik edirəm. Mən, cənab Prezident, Sizin, hakimiyyətin və Azərbaycan xalqının daha müasir, sabit, inkişaf edən ölkə uğrunda səylərinizi görürəm. Mən, həmçinin Sizi təkcə diplomatik deyil, mühüm beynəlxalq uğurlarınız - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycanın dəstəklədiyi komandanın İspaniya çempionatında qələbəsi münasibətilə təbrik edirəm".


Teqlər:





Xəbər lenti