ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirilib ki, ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib:
"Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir. Nəticədə təmizlənmiş 106 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Minatəmizləmə səylərimizi dəstəkləmək, zərər çəkmiş insanlara kömək etmək və gələcək nəsillərin minaların dəhşətlərindən azad bir dünyada, sağlam və zərərsiz ətraf mühitdə yaşamasını təmin etmək üçün qurumlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti olaraq birləşmək bizim məsuliyyətimizdir. Əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə biz daha təhlükəsiz, ekoloji daha təmiz və minalardan azad dünyaya yol açmalıyıq.
Həmin ərazilərdə insanların su ilə təmin etməli olan çaylar, göllər, bulaqlar, kəhrizlər və quyular qurudulub, müharibənin partlayıcı qalıqları ilə çirkləndirilib. Bu su mənbələrini əhatə edən kanallar isə minalarla çirkləndirilərək, onları yüksək təhlükə mənbəyinə çevirib".
V.Süleymanov qeyd edib ki, Tərtər, Xaçın, Qarqar, Həkəri, Köndələn və bir çox digər çaylar bu gizli təhlükənin ağır yükünü daşıyır: "Bütün bunlara baxmayaraq, Ölkə Rəhbərinin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam etdirilir. Müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 938.1 hektar ərazinin təmizlənməsi təmin edilib. Bugünədək ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfat üçün 53 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3 421 hektar, nəqliyyat infrastrukturu üçün 5 759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 118 hektar, digər məqsədlər üçün 5 784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib".

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


