Prezident xanımı ilə Akropolda -FOTOLAR

Prezident xanımı ilə Akropolda -FOTOLAR
  16 İyun 2014    Oxunub:1288
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olublar.

Altı min illik tarixi olan Afina dünyanın ən qədim şəhərlərindən biridir. Şəhər müdriklik ilahəsi Afinanın adını daşıyır.

Bütün dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur. "Yuxarı şəhər" mənasını verən və Afinanın rəmzi hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir.
Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada yerləşən, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında olan Akropol 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngindir və sanki muzeyi xatırladır. Qədim Afinanın həm dövlət, həm də dini mərkəzi sayılan Akropolun qorunmasına afinalılar bütün dövrlərdə ciddi fikir veriblər. Hətta Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə insan cəlb edilib. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunub. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatıb. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir.

Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir.

Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI əsrə aid abidələrə də rast gəlmək mümkündür.

Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.
Akropol öz möhtəşəmliyi ilə onu görməyə gələn hər bir turistin qəlbində unudulmaz hisslər yaradır.

Qalereya




Teqlər:  





Xəbər lenti