Adımızla böyüyək! Xalqımız qəhrəmanlarını necə yaşadır... - Statistika
Körpələrə Fateh, Qələbə, Qalib, Zəfər adları ilə yanaşı, Polad, Şükür Hikmət, Arəstə və digər qəhrəmanlarımızın adlarının qoyulması da çoxalıb. Azərbaycan xalqı ona qələbəni yaşadan qəhrəman igidlərimizin adlarını dünyaya göz açan körpələrində yaşatmağa çalışır.
Məsələn, Tovuz döyüşlərində şəhid olan milli qəhrəman, general-mayor Polad Həşimovun şərəfinə 2020-ci ildə 193, 2021-ci ildə 306, 2022-ci ildə 196, 2023-ci ildə 124 uşağa Polad adı, Xüsusu Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin şərəfinə 2020-ci ildə 83 , 2021-ci ildə 118, 2022-ci ildə 100, 2023-ci ildə 49 uşağa Hikmət adı verilib.
Həm mahnı, həm də keçdiyi döyüş yolu ilə "Dastan"a çevrilən Xudayarın adı 2020-ci ildə 3, 2021-ci ildə 82, 2022-ci ildə 73, 2023-ci ildə 30 uşağa qoyulub. Cəbi ləqəbi ilə tanınan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi Sübhan Cəbrayılovun adı 2020-ci ildə 212, 2021-ci ildə 187, 2022-ci ilin 192. 2023-cü ildə 163 yeni dünyaya gələn körpə ilə yaşadılır. Vətən müharibəsinin qəhrəmanı Arəstə Baxışovanın adı isə 8 uşağın adı ilə yaşadılır.
Vətən müharibəsində şəhid olan kapitan Elçin Ağayevin üçüncü qız övladına isə Qarabağın tacı Şuşanın adı verilib.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova bildirib ki, Zəfər Günü ilə bağlı körpələrə adların verilməsində şox böyük irəliləyiş var. Onun sözlərinə görə, bu gün Azərbaycanda dünyaya gələn hər 100 uşaqdan 5-nə Polad Həşimovun adına uyğun olaraq Polad adı verilir:
"Eyni zamanda, körpələrə Mübariz, Qalib, Zəfər adlarının verilməsinin çoxaldığını da müşahidə edirik. Bu, xalqımızın hər zaman mübariz ruhda olması, azadlıq uğrunda mübarizə aparan, qəhrəmancasına həlak olan igidlərin adlarının həmişə yaşadılmasının bariz nümunəsidir. Körpələrə təkcə milli qəhrəmanların deyil, eyni zamanda hər bölgədən şəhid olan igidlərin adı da verilir. Məsələn, Qazaxda Elbrus, Əsgər, Əli kimi şəhidlərin adı təkcə qohumları tərəfindən deyil, ətrafdakı insanlar tərəfindən körpələrə qoyularaq əbədiləşdirilir. Bu alqışlanandır, çünki xalqın mübarizlik ruhunda da öz əksini tapır. Bölgələrdə torpaq uğurunda şəhid olan igidlərin adları yenidoğulanlarla əbədiləşdirilir".
Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Nizami Cəfərov bildirib ki, Azərbaycan xalqı öz tarixi mənəviyyatına bağlı xalqdır. Ona görə də öz tarixində baş verən hadisələri uşaqlarlnın adında dərhal əks etdirir: "Bütün dünya xalqlarda belədir. Onlar birinci növbədə öz dədə-babalarının adlarının, daha sonra qələbəni yaşadırlar. Hətta bu təkrar olunaraq gedir. Məsələn, İkinci Dünya Müharibəsinə gedən azərbaycanlılar ya həmin dövrdə və ya sonra doğulan uşaqlarına Voyna, Elba adı qoyurdular. Orada gördükləri çayların, şəhərlərin adını verirdilər. Bizdə də belədir. Bu gün doğulan uşaqlara Zəfər, Qələbə, Qarabağdakı yerlərə bağlı adların verilməsi çoxalıb və bundan sonra da sayları artacaq. Bu, müharibədəki qələbəmizə inamdan irəli gəlir. Əminliklə demək olar ki, uşaqlara ad qoymada qələbəmizin geniş təsiri var. Xalqımız müharibədəki qələbəyə həssasdır. Biz qələbəni qeyd edirik. Qələbə ilə öyünməyə meyillilik ad qoymada da öz təsirini göstərir".
Aytən Zəhra
AzVision.az