Tbilisidə Heydər Əliyevin 100 illiyinə və Zəfər Gününə həsr olunmuş konsert olub

   Tbilisidə    Heydər Əliyevin 100 illiyinə və Zəfər Gününə    həsr olunmuş konsert olub
  11 Noyabr 2023    Oxunub:1723
Gürcüstanın paytaxtı Tbilisidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
AzVision.az xəbər verir ki, konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov bildirib ki, Ulu Öndərin 100 illik yubileyi və Zəfər Günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq Tbilisidə silsilə tədbirlər keçirilir. Bu konsert də həmin plana əsasən təşkil olunub.

Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, eləcə də Tbilisidə fəaliyyət göstərən "Ceyran rəqs ansamblı" rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış ediblər.

Azərbaycanın Əməkdar artisti Firuzə İbadova, gimnaziyanın müəllimləri Məhəmməd Hacıyev (tar), Oktay Şərifov (kamança), Naibə Şahməmmədova (piano), eləcə də şagirdlər Azərbaycan milli rəqs və mahnılarını ifa ediblər. Konservatoriyanın müəllim və şagirdlərinin ifa etdikləri “Azərbaycan", “Azərbaycanım”, “Qarabağ”, “Qarabağ şikəstəsi”, “Cənnətim Qarabağ”, “Xudayar təsnifi” və s. mahnılar, eləcə də rəqslər maraqla qarşılanıb.

Konsertdə səhnədə quraşdırılmış ekranda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolar, Prezident İlham Əliyevin xalqa müraciətindən fraqmentlər, Azərbaycan mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, Şuşanın görüntüləri nümayiş etdirilib.

AzVision.az



Teqlər: Tbilisi   Konsert  





Xəbər lenti