Ölkədə 3 milyon ağac əkiləcək
"Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan “yaşıl” iqtisadiyyata keçid mühüm yer tutur.
Təsadüfi deyildir ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində 5-ci prioritet “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Sənəddə təbii ehtiyatlardan, təmiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, tullantıların təkrar emalı və ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar müəyyən edilib.
Ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərir. Məqsədimizi reallaşdırmaq üçün son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır”, - deyə U.Tağıyeva qeyd edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli “yaşıl” texnologiyalarının inkişafı kimi bir sıra tədbirlər həyata keçirib. Ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və aqrobağların salınması işləri həyata keçirilir.
AzVision.az
Teqlər: