Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək Türk Dövlətləri gəncləri arasında əməkdaşlıq imkanlarının genişlədirilməsi, şəbəkələşmə fəaliyyətlərinin artırılması və gələcək perspektivlərin əhəmiyyətini müzakirə edərək birlik və bərabərliyin ortaq güc naminə vacibliyini xüsusi vurğulayıblar. Qonaqlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin hələ 1994-cü ildə dövlət başçılarının İstanbul sammitində Türk Dövlətlərinin əlaqələrinin inkişafına, türk xalqlarının birliyinə xüsusi önəm verərək bildirdiyi “Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik” fikrini xatırladaraq günümüzdə əldə edilən uğurların Ulu Öndərin əsasını qoyduğu uzaqgörən siyasətə dayandığını dilə gətiriblər. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas tərkib hissəsinə çevrilən türk dövlətləri ilə sıx siyasi, iqtisadi, mədəni inkişafa yönəlik fəaliyyətin ölkə gəncləri üçün müasir önəmli çağırış olması ilə yanaşı atılacaq gələcək addımların müəyyənləşdirilməsi istiqamətində də əhəmiyyətli rol oynadığını ifadə ediblər.
Forum Türk Dövlətləri ölkələri gənclərinin çıxışları ilə davam edib. Tədbirin rəsmi hissəsindən sonra "Ümummilli Lider Heydər Əliyevin Türk Birliyinin möhkəmləndirilməsində rolu" mövzusunda panel müzakirə keçirilib. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə təşkil edilən panel müzakirədə panelçilər qismində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və Azərbaycan Respublikasının sabiq Baş naziri və xarici işlər naziri Həsən Həsənov, NAYORA-nın sədri Azər Əliyev, DAVAM Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar çıxış ediblər. Panel müzakirə sual-cavab sessiyası ilə davam edib.
Tədbirin bədii hissəsində gənc istedadlar "Sarı Gəlin", "Qarabağ Şikəstəsi" və digər musiqi nömrələri ilə çıxışlar ediblər.
Tədbir xatirə fotosunun çəkilişi ilə başa çatıb.
AzVision.az