“Gənc liderlər proqramı-2” üçün ərizə qəbuluna start verilib
Belə ki, ilkin olaraq gənc liderlər şəxsi inkişaf və liderlik qabiliyyətlərinin artırılması məqsədilə yerli və peşəkar mütəxəssislərin baza təlimlərində və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşlərdə iştirak edəcəklər. Təlimlər ümumi bilik və bacarıqlar və ixtisaslaşmış sahələr üzrə olacaq. Təlim və görüşlərdə iştirak edərək proqram iştirakçıları fərdi şəkildə təkmilləşməklə yanaşı, gələcəkdə karyera quruculuğu sahəsində də önəmli addım atmış olacaqlar.
Proqramda iştirak haqqı qazanan gənc liderlər üçün individual və kiçik qruplar şəkilində kouçinq seansları keçiriləcək. Kouçlar tərəfindən mütəmadi olaraq gənc liderlərin 360 qiymətləndirilməsi təşkil olunacaq, fərdi inkişaf və karyera planı hazırlanacaq və onlara konsultasiya xidməti təqdim olunacaq. Eyni zamanda, gənc liderlərdən ibarət dörd komanda formalaşdırılaraq hər komandaya bir nəfər mentor təhkim olunacaq. Proqramın gedişatında mentorlar komanda üzvlərinin fərdi qiymətləndirilməsini apararaq müxtəlif formalarda öz dəstəyini göstərəcək.
Proqramı uğurla yekunlaşdıran gənc liderlərə fərdi inkişaf qrantının ayrılması nəzərdə tutulub. Gənc liderlər bu vəsaitin yarısını kouçla birgə müəyyən olunan fərdi inkişaf planına uyğun olaraq ixtisaslaşdırılmış təlimlər üçün istifadə edəcəklər. Vəsaitin ikinci yarısı təşkilatçılar tərəfindən müəyyən olunmuş gənclərlə işləyən təşkilat və qurumda üç ay müddətində gənc liderin layihə rəhbəri olaraq işə cəlb olunmasına yönəldiləcək. “Gənc liderlər proqramı”ndan məzun olduqdan sonra da onların fərdi karyera planına uyğun olaraq qiymətləndirilməsi üçün müxtəlif fəaliyyətlər təşkil ediləcək, karyera yüksəlişi təşviq olunacaq.
Proqramda iştirak üçün 18-27 yaş arası və minimum bir il ictimai sahədə təcrübəsi olan gənclər www.genclider.az veb-səhifəsi vasitəsi ilə 1 dekabr 2023-cü il saat 18:00-dək müraciət edə bilərlər.
Xatırladaq ki, pilot layihə olaraq ilk dəfə 2019-cu ildə “GəncLİK” (“Gənc liderlərin inkişafı konsepsiyası”) adı altında təşkil olunan proqramda iştirak üçün müraciət edən 1 000-dən artıq namizəd arasından seçilən 30 gənc liderin fərdi və karyera inkişafına dəstək göstərilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


