Yeni müdafiə sənayesi naziri kimdir - DOSYE

   Yeni müdafiə sənayesi naziri kimdir -    DOSYE
  18 Noyabr 2023    Oxunub:4259
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.
AzVision.az yeni nazirin həyat və fəaliyyəti haqqında məlumatları təqdim edir.

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirib. 2010 – 2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olmuşdur.

O, 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor (CİA)" – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir. Ailəlidir. İki övladı var.

İş fəaliyyətinə gəlincə Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti "Ernst & Young CIS B. V" şirkətində baş mütəxəssis işləyib. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.

2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti