"Mina qurbanları ilə görüşməyə üzü olmayan təşkilat xəcalət çəkməlidir"
“Biz – Ermənistanın və onun hərbi birləşmələrinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Avropa Şurası Parlament Assambleyasının Prezidenti cənab Tini Koksa, AŞPA deputatlarına Açıq Məktubla müraciət edirik. Biz bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik.
AŞPA kimi özünü insan hüquqları təsisatı adlandıran bir təşkilatın bəzi dövlətlərin, dairələrin əlində oyuncağa çevrilməsini qəti şəkildə pisləyirik. Azərbaycanın hazırda ən böyük problemi olan mina məsələsinə bu cür münasibət bəsləyən, bu barədə susan, mina qurbanları ilə görüşməyə üzü olmayan təşkilat xəcalət çəkməlidir.
AŞPA nümayəndələrinin bu davranışı Ermənistanın mina terroruna birbaşa dəstək olmaqla, iyrənc hərəkətdir.
Yaxın müddətə qədər işğaldan azad edilən ərazilərdə 1 milyondan artıq mina və partlamamış hərbi sursat olması ehtimal olunurdu. 2020-ci ildə 44 günlük müharibədən sonra da Ermənistan Laçın yolu ilə minalar daşıyaraq Azərbaycan ərazilərində basdırmaqda davam etdi. Biz unutmamışıq ki, Avropa Şurası Parlament Assambleyası buna etiraz etmək əvəzinə, Laçın yolunda Ermənistanın qanunsuz hərbi birləşmələrinin və yüklərinin Azərbaycan ərazilərinə maneəsiz keçidini, başqa dövlətin torpaqlarında terrorçuluq fəaliyyətini davam etdirməsini müdafiə etdi. 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursat olduğu üzə çıxdı. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ərazilərinin minalanması bir gün də olsun dayanmayıb, əksinə, daha da artıb. Mina ilə əlaqədar beynəlxalq hesabat sənədlərində Ermənistanın mina istehsal edən ölkələr siyahısına daxil etməsi bunun növbəti sübutudur. Dünyada Azərbaycan qədər mina ilə çirklənmiş ikinci ölkə tapmaq çətindir. Laçın yolu vasitəsilə Ermənistanın Azərbaycana mina daşımasını qızğın müdafiə edənlərdən biri elə indi Azərbaycana göndərdiyiniz Liz Kristoffersen idi.
AzVision.az
Teqlər: