SPECA Ölkələri Sərgisi maraqla qarşılanıb - FOTOLAR

SPECA Ölkələri Sərgisi maraqla qarşılanıb -    FOTOLAR
  25 Noyabr 2023    Oxunub:1884
Noyabrın 20-24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi keçirilib.
Bakı Ekspo Mərkəzinin 4 min kvadratmetrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində SPECA həftəsi çərçivəsində Azərbaycanın təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib. Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan “Bizi birləşdirən dəyərlər” instalyasiyasının üzərindəki ağ örtüyü götürməklə sərginin rəsmi açılışını etdi. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirib.

SPECA- nın 25-ci il dönümünə həsr olunan sərgidə “Azərxalça” ASC tərəfindən xüsusi olaraq bu tədbir üçün hazırlanan layihə Azərbaycan və Mərkəzi Asiya xalqlarını birləşdirən ortaq mədəni, iqtisadi, siyasi, dostluq və qardaşlıq bağlarına həsr olunub. Özündə müasir incəsənətlə ənənəvi incəsənəti birləşdirən instalyasiya üzərində Orta Asiya xalqlarının da xalçaçılıq sənətində istifadə olunan 9 müxtəlif, qədim xalça naxışları toxunaraq işlənilib. İnstalyasiya üzərində “Zeyvə” gölü, “Qıvrım” naxışı, “Kaşı” naxışı, “Dişlipərə” naxışı, “Şirvan” buta, “Buynuz” naxışı, “Quş” naxışı, “Zağlı” və “Kilim” gülü kimi naxışlardan istifadə olunub. Bütün bu 9 xalça naxışı qədim köklər, adət-ənənələr, mənəvi bağların – bizi birləşdirən dəyərlərin rəmzi olaraq müxtəlif rəngli iplərlə bir-birinə möhkəm şəkildə bağlanıb. Qədim ənənələri qorumaqla yanaşı onların daim yaşaması üçün inkişaf etməsi, çağdaş zamana ayaq uydurması mütləqdir. Xalçaçılıq sənəti də hər zaman qədim adət-ənənələri, naxışları, toxuculuq sirrlərini qoruyaraq müasir dövrə uyğun dəyişərək inkişaf edir. Bu baximdan instalyasiyanın ideyası əsas konsepsiyası dayanıqlı inkişaf olan SPECA sərgisi ilə üst-üstə düşür. 3,5 metr hündürlüyündə olan “Bizi birləşdirən dəyərlər” instalyasiyası təbiətdə çox nadir tapılan, bənzərsiz hətta müqəddəs hesab olunan zənginlik, əsillik və zərifliyin simvolu bənövşəyi rəngdədir.

Layihənin ideya müəllifi Əməkdar İncəsənət xadimi, “Azərxalça” ASC İdarə heyətinin sədri Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərovdur.

Açılış mərasimindən sonra gözəl və yaddaqalan tədbirdən xatirə olaraq hər bir iştirakçı ölkənin prezidentinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bizi birləşdirən dəyərlər” instalyasiyasının kiçik ölçüdə hazırlanmış forması hədiyyə olunub.

Sərgi iştirakçılarına həmçinin Ümummilli Lider Heydər Əliyevin ölməz və əziz xatirəsinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası da nümayiş olunub. İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə “Azərxalça”nın yaradıcı komandası olub.

“Azərxalça” ASC və “Can Azərbaycan” MMC- nin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan birgə layihəsi “Heydər Əliyev 100” xalçası da sərgidə yerli və xarici qonaqlara bir daha təqdim olunub.

Təqdim olunan digər xalçalar sırasına “Azərxalça” ASC- nin 44 günlük Vətən Müharibəsinə, möhtəşəm qələbəmizə həsr olunan “Qarabağ xalçalarına yeni baxış” kolleksiyasından 4 xalça aiddir. Yeni Qarabağ xalçaları Respublikanın əməkdar rəssamı Rəşad Ələkbərovun ideyaları əsasında “Azərxalça” ASC-nin yaradıcı qrupunun iştirakı ilə hazırlanıb. Kolleksiya çərçivəsində Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçası 4 müxtəlif rəngdə və müasir zövqə, interyerə uyğun dizaynda təqdim olunub. 4 rəngdə təqdim olunan hər biri 4 kv.metrlik xalçalardan yalnız 44 sayda toxunmuşdur.

AzVision.az




Qalereya




Teqlər:





Xəbər lenti