`Bu layihə hamımıza fayda verəcək` - İlham Əliyev

`Bu layihə hamımıza fayda verəcək` - İlham Əliyev
  18 İyun 2014    Oxunub:894
`Biz qısa müddət ərzində dostluq, qarşılıqlı etibar, dəstək, anlaşma və qarşılıqlı fayda əsasında həqiqi tərəfdaşlıq münasibətlərini qura bilmişik`.

AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev Yunanıstana səfəri çərçivəsində yüksək səviyyəli iş adamları ilə görüşü zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ötən 10 ildə 3 dəfədən çox iqtisadi artım müşahidə olunub: "Bu da bizə ölkəmizi müasirləşdirmək üçün bir sıra infrastruktur layihələrini icra etmək imkanı verib. Əlbəttə ki, biz növbəti illərdə şaxələndirmə, infrastruktur və iqtisadiyyatımızın qeyri-enerji sektoruna yatırılan sərmayələr siyasətini davam etdirəcəyik. Çünki bu, dayanıqlı inkişafın təmin olunması üçün yeganə yoldur. Azərbaycanda böyük enerji ehtiyatları vardır. Bunlar bizə 100 ildən çox kifayət edər. Lakin biz sonrakı müddəti düşünməliyik. Biz gələcək illər üçün dayanıqlı iqtisadi inkişafı yaratmalıyıq və iqtisadiyyatımızın enerji sektorundan asılılığını azaltmalıyıq. Qeyri-enerji sektorunun ümumi daxili məhsulun əsas hissəsini təşkil etməsi bizdə qürur hissi oyadır və vaxt keçdikcə qeyri-neft sektoru Azərbaycanın iqtisadi fəaliyyətində daha da dominant rol oynayacaqdır".

Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında ticarətin həcmini və qarşılıqlı investisiyaları artırmaq üçün yaxşı imkanlar vardır: "Azərbaycan xaricə sərmayə yatırmağa başlayıb və cənab Baş nazir də qeyd etdiyi kimi, bizim Avropada əsas sərmayələrimizdən biri DESFA-da pay sahibi olmaqdır. Biz, həmçinin digər region ölkələrinə də sərmayə yatırırıq. Eləcə də qarşılıqlı investisiyalar sahəsində Yunanıstan ilə daha çox əməkdaşlıq etməyi planlaşdırırıq. Mənə məlumat verildi ki, tezliklə Yunanıstan-Azərbaycan birgə iqtisadi komissiyasının iclası keçiriləcəkdir. Çox güman ki, investisiya imkanları burada daha çox qiymətləndiriləcək və biz də yeni əməkdaşlıq sahələri müəyyən edəcəyik. Əlbəttə ki, bu işlər hökumət və biznes dairələri ilə sıx əməkdaşlıq şəraitində aparılacaqdır. Düşünürəm ki, Azərbaycan xarici sərmayələr üçün cəlbedici ölkədir. Son ildə ölkəmizə 28 milyard dollar investisiya yatırılıb ki, bunun da 30 faizi xarici sərmayələrin payına düşür".

Dövlət başçısı bildirib ki, Azərbaycanda xarici sərmayələr lazımi şəkildə müdafiə olunur: "Bizdə çox yaxşı investisiya mühiti vardır. Ona görə də biz yunan şirkətlərini investor və podratçı qismində görmək istərdik. Bu gün biz bu məsələni, yəni yunan şirkətlərinin Azərbaycanda həyata keçiriləcək tikinti, müasir infrastrukturun yaradılması, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələr üzrə infrastruktur layihələrində iştirak etmək üçün dəvət olunması məsələsini müzakirə etdik. Əlbəttə ki, turizm, əczaçılıq, bankçılıq, bütün bu sektorlar gələcək illərdə ölkəmizdə inkişaf etdirilməlidir. Müasirləşdirmə ilə bağlı böyük planlarımız var və biz "Azərbaycan 2020" proqramını qəbul etmişik. Bu proqram da bizə 2020-ci ilə qədər ölkəmizdə bütün əsas infrastruktur layihələrini həll etmək imkanını verəcəkdir. Ona görə də bu fürsətdən istifadə edərək mən şəxsən yunan şirkətlərini Azərbaycanda fəal olmağa, işləməyə və birgə biznes həyata keçirməyə dəvət edirəm".

Azərbaycan Prezidentinin sözlərinə görə, əlbəttə ki, iki ölkənin iqtisadi əlaqələrində enerji sektoru üstünlük təşkil edəcək. Bu da təbii haldır, çünki bu sektor həm Azərbaycan, həm Yunanıstan, həm də Avropa üçün qarşılıqlı önəm təşkil edən sahədir. Bu, bütün tərəflərin fayda götürəcəyi bir layihədir: "Azərbaycanın öz böyük qaz ehtiyatları üçün iri bazarlara ehtiyacı vardır. Avropanın da yeni qaz mənbələrinə və marşrutlarına ehtiyacı vardır. Bizim icra etməyə başladığımız "Şahdəniz", TANAP və TAP layihələri həqiqətən də şaxələndirmə layihələridir. Çünki bu, sadəcə Avropaya qazın təchizi üzrə yeni marşrut deyil, ən önəmlisi bu, yeni qaz mənbəyidir. Bu, çoxhəcmli mənbədir.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Bu da ən azından 100 il ərzində qazı müxtəlif bazarlara ixrac etməyə imkan verir və əlbəttə ki, enerji strategiyamızın icrasında Trans-Adriatik boru kəmərinin seçilməsi vacib bir mərhələ idi. Mən çox şadam ki, TAP layihəsi seçildi. Bu layihə Azərbaycan, Yunanıstan, İtaliya və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir".

Dövlət başçısı vurğulayıb ki, TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaq. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcək: "Bu gün qaz yatağı olan və ikinci mərhələdə istismar edilən "Şahdəniz", TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Əlbəttə ki, bu layihələri vaxtında icra etmək üçün yunan tərəfdaşlarımızla əlaqəli şəkildə əlimizdən gələni edəcəyik. Layihələri vaxtında və yüksək səmərə ilə icra etmək üçün bizdən müntəzəm, ola bilsin ki, gündəlik və həftəlik əlaqələndirmə işləri aparmaq tələb olunacaqdır. Mən əminəm ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. Həmçinin Azərbaycanda nəqliyyat sahəsində olan imkanları da diqqətinizə çatdırmaq istəyirəm. Biz hazırda Azərbaycanı Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa ilə birləşdirəcək çox önəmli dəmir yolu layihəsini həyata keçiririk. Bu, yeni İpək Yolu olacaqdır. Bu marşrut mövcud nəqliyyat marşrutlarından çox qısa olacaqdır".
Prezident İlham Əliyev Bakıda yeni dəniz limanı, dəmir yol xətti və nəqliyyatla bağlı digər infrastruktur layihələrin inşa edildiyini diqqətə çatdırıb və deyib ki, bu da Azərbaycan və Avropa arasında ticarət əlaqələrinin artmasında önəmli rol oynayacaq: "Fürsətdən istifadə edərək cənab Baş nazirə və Yunanıstan hökumətinə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu əlaqələr çox uğurla inkişaf edir. Biz Yunanıstanı Avropa İttifaqında əsas tərəfdaşımız və dostumuz kimi görürük. Başqa sözlə, bir çox sahələrdə iqtisadi əməkdaşlığı artırmaq üçün böyük imkanlar vardır. Bunun əsasını ölkələrimiz arasında güclü siyasi əlaqələr təşkil edir. Bu da təməldir. Bu münasibətlər səmimidir, qarşılıqlı hörmət və qarşılıqlı marağa əsaslanır. Bu möhkəm təməl üzərində biznes üçün yeni imkanların yaradılması vəzifəsi Yunanıstan hökumətinin dəstəyi ilə biznes icmasının öhdəsinə buraxılır.

Dediyim kimi, bizim nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini təmsil edir. Eyni fikri yunan nümayəndə heyəti barədə də demək olar. Əminəm ki, bu görüşdən sonra nümayəndə heyətləri bir-biri ilə daha sıx şəkildə işləyəcək və ola bilsin ki, bu görüşdən dərhal nəticələr əldə olunsun. Bir daha bu fürsətə görə sizə təşəkkürümü bildirirəm. Sağ olun".


Teqlər:  





Xəbər lenti