Həbsxana qiyamı ölkəni xaosa çevirdi: Ekvadorda nələr baş verir?

  Həbsxana qiyamı ölkəni xaosa çevirdi:  Ekvadorda nələr baş verir?
  10 Yanvar 2024    Oxunub:1126
Ekvadorda vəziyyət gərgin olaraq qalır. Hakimiyyət "Los Çoneros" cinayətkar qrupunun liderinin həbsxanadan qaçmasından sonra ölkədə təhlükəsizliyin pisləşməsini əsas gətirərək fövqəladə vəziyyət elan edib. Prezident Daniel Noboanın tətbiq etdiyi fövqəladə vəziyyət 60 gün davam edəcək. Onun silahlı qüvvələrə xaos yaşanan şəhərlərə və zorakılıqlardan əziyyət çəkən həbsxanalara nəzarəti bərpa etmək səlahiyyəti verməsi isə əhali arasında təşvişə səbəb olub. Prezident hökumətin terrorçularla danışıqlar aparmayacağını da bəyan edib.
Həbsxanalarda iğtişaşlar genişlənir, regionlarda qarətlər və digər cinayət əməllərinin sayı artır. Son məlumatlara görə, artıq ən azı 13 nəfər iğtişaşların qurbanı olub.

Hər şey necə başladı?

Yanvarın 7-də Ekvadorun Baş Prokurorluğu penitensiar müəssisələrində iğtişaşların baş qaldırması barədə məlumat yaydı. Bu, "Los Çoneros" cinayətkar qrupunun lideri "Fito" ləqəbli Adolfo Masiasın Quayakil şəhərindəki həbsxanadan qaçmasından sonra baş verdi. Maraqlıdır ki, onun harada olduğu hələ də bilinmir. "Fito" 2023-cü ilin avqustunda da gündəmə gəlmişdi. Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio öldürülməmişdən öncə Adolfo tərəfindən təhdid edildiyini söyləmişdi.

Quldurlar canlı yayımda studiyaya soxuldular - VİDEO
Yanvarın 9-da silahlı şəxslər Quayaquildə TC televiziya kanalının studiyasına basqın edərək aparıcı və işçiləri canlı yayımda girov götürdülər. Quldurlar sonradan saxlanılıblar, girovlar isə sərbəst buraxıldılar.

Yanvarın 10-da isə məlum olub ki, cinayətkar qruplaşmanın digər lideri, "Los Lobos"un rəhbəri Fabrisio Kolon Piko da həbsxanadan qaça bilib. O, Riobamba həbsxanasından qaçan 39 təhlükəli cinayətkarın arasında olub. Qeyd edək ki, "Los Lobos" prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Yerli KİV-in yaydığı məlumata görə, hazırda quldur dəstələri ümumilikdə 1 saylı Azuay, 2 saylı Kanar, 1 saylı Napo, 1 saylı Tunquraya və Kotopaxi həbsxanalarında ən azı 139 nəfəri girov saxlayırlar. İnsidentlər başlayan ilk saatlarda isə həbsxanada cəmi 10 mühafizəçinin girov saxlanıldığı bildirilirdi.

Hökumət qiyamçılara və iğtişaşlara qarşı necə reaksiya verir?

Prezident Noboa silahlı qüvvələrlə yanaşı milli polisin də "mütəşəkkil transmilli cinayətlərə, terror təşkilatlarına zərbə vurmaq, qeyri-dövlət subyektlərinə qarşı suverenliyin və ərazi bütövlüyünün müdafiəsini təmin etmək üçün" səfərbər edilməsini əmr edib.

Dövlət başçısı konkret olaraq 22 cinayətkar qrupun zərərsizləşdirilməsi barədə göstəriş verib. Ekvador silahlı qüvvələri cinayətkar dəstələri qanuni hərbi hədəflər adlandırıb. Parlament isə təhlükəsizlik qüvvələrinə səlahiyyətdən sui-istifadəyə görə amnistiya vəd edib.

Məmurlar Quayakildə yolları bağlayıblar və vağzalın fəaliyyətini tam dayandırıblar. Şəhər sakinlərinə isə evlərini tərk etməməklə bağlı çağırışlar edilir.

Kito şəhərinin mərkəzi rayonlarında qarət halları artdıqdan sonra paytaxtın mərkəzinə hərbi texnikalar yerləşdirildi. Şəhərin strateji obyektlərindən olan hava limanında təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Bundan başqa, ölkənin bütün təhsil müəssisələri distant təhsilə keçib.
Dövlət neft-qaz şirkəti "Petroecuador" da öz obyektlərində təhlükəsizliyi gücləndirdiyini açıqlayıb.

Dünyanın reaksiyası

Hadisələri yaxından izləyən Cənubi Amerika ölkələri, o cümlədən Argentina, Peru, Braziliya, Boliviya, Kolumbiya və Venesuela liderləri Ekvador hakimiyyət orqanlarına dəstəklərini ifadə ediblər. Eyni zamanda, narkotik cinayətlərinə qarşı mübarizədə konsolidasiyaya çağırışlar da edilib. İspaniya isə quldurların zorakılıq hərəkətlərini pisləyib.

Peru sərhəd təhlükəsizliyini gücləndirərək ölkənin şimal bölgələrində fövqəladə vəziyyət elan etdi.

Rusiya Xarici İşlər Nazirliyi cinayətkarların terror üsullarından istifadə etməsini, o cümlədən insanların girov götürülməni pisləei. Rəsmilər Ekvador hakimiyyətinin təkbaşına vəziyyətə nəzarəti bərpa edə biləcəyinə ümidvar olduğunu açıqladılar.

Çin Xarici İşlər Nazirliyi də yerli hakimiyyət orqanlarının asayişin bərpası istiqamətində hərəkətlərini dəstəklədiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ekvador   Qiyam   Həbsxana  





Xəbər lenti