Narışkin: “ABŞ Rusiyada sabitliyi pozmağı planlaşdırır”

   Narışkin:    “ABŞ Rusiyada sabitliyi pozmağı planlaşdırır”
  11 Yanvar 2024    Oxunub:1136
Rusiyanın xarici kəşfiyyat xidməti ABŞ-nin mübadilə proqramlarının rusiyalı məzunlarını ələ almağı planlaşdırdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, Rusiyanın xarici kəşfiyyat xidmətinin mətbuat bürosu qurumun direktoru Sergey Narışkinə istinadən ABŞ-nin mart ayında Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə etmək üçün Amerika mübadilə proqramlarını bitirmiş ruslarla işi gücləndirmək niyyətində olduğu barədə məlumat yayıb.

“Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Narışkin bildirib ki, quruma daxil olan məlumata görə, Rusiyada prezident seçkiləri yaxınlaşdıqca ABŞ-nin hökumət strukturları demokratik prosedurlara qeyri-qanuni müdaxilənin getdikcə daha təkmil üsullarını icad edirlər. Beləliklə, Vaşinqton ruslarla - Amerika mübadilə proqramlarının məzunları ilə işi intensivləşdirmək niyyətindədir”, - məlumatda deyilir.

Narışkinin iddiasına görə, Vaşinqtonda Amerika proqramlarından olan rusiyalı həmkarlar “düzgün iş aparma” sayəsində beşinci kolonun əsasını təşkil edə biləcəklərinə inanırlar.

“Dövlət departamentinin hesablamalarına görə, Access, Advance, FLEX, Fulbright, Global UGRAD, Summer Work and Travel və digər Amerika təhsil və mədəniyyət proqramları üzrə Rusiya təqaüdü alanların sayı 80 min nəfərdən çoxdur. Amerikalılar hesab edirlər ki, “düzgün iş aparılsa” onlar Qərbə kütləvi şəkildə qaçan qeyri-sistemli müxalifəti əvəz edə və beşinci kolonun əsas elementinə çevrilə bilərlər”, - rusiyalı məmur bildirib.

Rusiyanın xarici kəşfiyyat xidməti, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqi üçün Vaşinqtonun yeni mexanizmlərin hazırlanmasına rusiyalı həmkarlarını cəlb etməyə ümid bəslədiyini açıqlayıb.

Qurumun dediyinə görə, Vaşinqton belə vətəndaşlarla əlaqəni bərpa etmək və onlarla etibarlı ünsiyyət qurmaq üçün addımları gücləndirir. Gələcəkdə sabiq təqaüdçülərin Rusiya hakimiyyəti ilə siyasi mübarizəyə fəal şəkildə cəlb olunmasına keçməyi planlaşdırır. Artıq oxşar işlərin proqramı hazırlanır və təlimlərin qonşu ölkələrdə də keçirilməsi nəzərdə tutulur.

“Əsas diqqət iştirakçıların millətlərarası və sosial nifrətin qızışdırılmasına, seçkilərə müdaxiləyə, sosial şəbəkələrdə Rusiya Federasiyasının rəhbərliyini gözdən salmaq üsullarının öyrədilməsinə yönəldiləcək. Görüşlərdə amerikalı “kuratorlar” ilə təhlükəsiz ünsiyyətin tətbiqi məsələlərinə xüsusi diqqət yetiriləcək. Vaşinqton həmçinin ümidlidir ki, təqaüdçülər Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün yeni mexanizmlərin hazırlanmasında iştirak edəcəklər”, - yayımlanan məlumatda vurğulanır.

Beləliklə də, qurum Rusiyada prezident seçkiləri ərəfəsində ABŞ-nin ölkədəki vəziyyəti sarsıtmaq üçün ən kiçik fürsətdən istifadə etdiyinə diqqət çəkir. Eyni zamanda, bu minvalla, ABŞ-nin dövlət departamentinin yaxın gələcəkdə ingilis-amerikan uşaq bağçalarının və məktəblərinin şagirdlərini də bu işə qoşacağı barədə sarkastik versiya irəli sürür.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Narşıkin   ABŞ  





Xəbər lenti