Türk astronavt ilk dəfə kosmosda -Fotolar+Video

  Türk astronavt ilk dəfə kosmosda -Fotolar+Video
  19 Yanvar 2024    Oxunub:2048
Ötən gecə Türkiyə vaxtı ilə saat 00:49-da ilk türk astronavtı Alper Gezeravcını daşıyan SpaceX kosmik gəmisi NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla buraxılıb.
Bütün ölkə buraxılışı izləyib. Gezeravcı ABŞ və İspaniya, İtaliya və İsveçi təmsil edən 3 həmkarı ilə birlikdə 2 həftəlik missiyada iştirak edəcək. Onlar biologiya, tibb və genetika sahələrində bir sıra elmi təcrübələr aparacaqlar. Astronavtlarla ilk əlaqə kosmosa səyahət başlayandan təxminən 1,5 saat sonra qurulub. Space Beynəlxalq Kosmik Stansiyaya (BKS) doğru 36 saatlıq səyahətinə başlayan Dragon kapsulunda olan Ax-3 komandasının ilk hiss və düşüncələrini X hesabında canlı yayımlayıb. Ax-3 kosmik missiyasının hər dəqiqəsini anında əks etdirən 2,5 saatlıq canlı yayımı 1,3 milyon insan izləyib.

Gezeravcı kosmos missiyasının başlamasından sonrakı ilk mesajında: “Türkiyədən olan ilk kosmonavtın kosmosa addım atdığı anlarda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Gələcək göylərdədir” sözlərindən sitat gətirəcəyəm!" ,-sözlərini deyib.



O həmçinin əlavə edib ki, geri sayımdan bu günə qədər yaşadıqları çox gözəl hisslərdir: "Uzun zamandır bunun xəyalını qururdum. Bu çox gözəl hissdir. Əvvəldən indiyə qədər hər şey əla idi".

Milli Kosmik Proqramın birinci mərhələsi olan “ilk insanlı kosmik missiya” ilə əlaqədar yayımlanan videomüraciətdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qürurun zirvəyə çatdığı tarixi bir məqamın şahidi olduğunu deyib:

“İnsanların ilk kosmosa uçuşu ilə Cümhuriyyətimizin ikinci əsrinə, Türkiyə əsrinə qədəm qoyuruq. Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz öz tarixi missiyamızı bir daha yerinə yetirmək üçün çox dəyərli yeni bir səy göstəririk”.



Türkiyə Hərbi Hava Qüvvələrində uzun illər reaktiv pilot kimi qəhrəmancasına xidmət edən Alper Gezeravcının geniş hazırlıq və təlimdən sonra Beynəlxalq Kosmik Stansiyaya səyahətə çıxdığını vurğulayan prezident Ərdoğan əlavə edib:

“Biz 2021-ci ildə elan edilən Milli Kosmik Proqram çərçivəsində məqsədlərimizdən birini həyata keçiririk. Beynəlxalq Kosmik Stansiyada 14 gün davam edəcək Milli Kosmos Proqramı missiyası çərçivəsində alimlərimizin hazırladığı 13 təcrübə həyata keçiriləcək. Astronomiya, tibb, genetika və materialşünaslıq kimi sahələrdə elmi araşdırmalar aparılacaq. Arzu edirəm ki, bu araşdırmalar ölkəmizə və elmimizə xeyir gətirsin”.

Xatırladaq ki, 2021-ci ildə Ərdoğan astronavtların hazırlanması və Aya öz raketlərinin buraxılması da daxil olmaqla, milli kosmik proqramın başladığını elan etdi. Onun dəyəri təqribən 6 milyard dollar olacaq. 2023-cü ilin aprelində o, kosmosa uçuş üçün iki namizəd təqdim etdi və sonda seçim Türkiyə Hərbi Hava Qüvvələrinin pilotu Gezeravci oldu.

Qeyd edək ki, SpaceX-in Dragon kapsulunu daşıyan Falcon 9 raketinin uzunluğu 70 metr, diametri 3,7 metr və çəkisi təxminən 550 tondur. O, aşağı Yer orbitinə 22 min kiloqram, geostasionar orbitə 8300 kiloqram, Marsa isə 4 min kiloqram faydalı yük çatdırmaq iqtidarındadır.

Falcon 9 raketi Ax-3 ekipajını daşıyan Dragon kapsulunu müəyyən edilmiş hündürlüyə qaldırdıqdan sonra kapsuldan uğurla ayrılıb və Kennedi Kosmik Mərkəzinin şərqində yerləşən Cape Canaveral bazasına eniş edib.

Dragon kapsulunun ABŞ yerli vaxtıyla şənbə günü səhər saat 05.15 radələrində Beynəlxalq Kosmik Stansiyaya çatması gözlənilir. Müvafiq olaraq, kosmos sərnişinlərinin BKS-ə çatmaq üçün təxminən 36 saatlıq səyahət müddəti olacaq.





















Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti