AP ilk dəfə Qəzzada atəşkəsə çağırış edib

   AP ilk dəfə Qəzzada atəşkəsə çağırış edib
  19 Yanvar 2024    Oxunub:967
Avropa Parlamenti ilk dəfə Qəzza zolağında "daimi atəşkəs"ə və İsrail-HƏMAS müharibəsinin həlli üçün diplomatik dialoqa çağırış mahiyyətində qətnamə qəbul edib.
AzVision.az xəbər verir ki, qətnamə Strasburqda keçirilən plenar iclasda 312 lehinə, 131 əleyhinə və 72 bitərəf olmaqla təsdiqlənib.

Atəşkəs çağırışı Avropa Parlamentinin Qəzzaya humanitar yardım axınını sürətləndirmək barədə oktyabrda verdiyi bəyanatın məntiqi davamı hesab edilir.

Səsvermə zamanı solçu və mərkəzçi nümayəndələr atəşkəsi birmənalı dəstəkləsələr də, parlamentdəki ən böyük qrup kimi Avropa Xalq Partiyasının üzvləri məsələyə tərəddüdlə yanaşıblar. Hərçənd qətnaməyə Qəzzada əsirlərin azadlığa buraxılması və Aİ-də terror təşkilatı kimi tanınan HƏMAS-ın "dağıdılması" şərti əlavə edildikdən sonra sağçı millət vəkilləri də çağırışa qoşulublar.

Sözügedən partiyanın nümayəndəsi Antonio Lopes-İsturis iclasda çıxışı zamanı bu şərtin vacibliyini diqqətə çatdırıb.

(Avropa Xalq Partiyasının AP-dəki nümayəndəsi Antonio Lopes-İsturis)

"HƏMAS və digər terror qrupları Fələstini əllərində saxladıqca və regiondakı yeganə demokratiyanı - İsraili hədələdikcə davamlı sülh müşküldür" , - deputat deyib.

İsrailin Avropa İttifaqındakı təmsilçilərindən biri də jurnalistlərə müsahibəsində qətnamənin qəbulundan razılığını dilə gətirib.

"Qətnamə göstərir ki, Avropa Parlamenti müharibənin səbəbi, habelə onu yekunlaşdırmaq naminə həll yollarından agahdır. Məmnunuq ki, qətnamə həmçinin atəşkəsin yalnız əsirlərin qeyd-şərtsiz azadlığa çıxması və HƏMAS terror təşkilatının məhv edilməsi ilə təmin olunacağını açıq-aydın vurğulayır" , - o qeyd edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa   Parlament   atəşkəs   qətnamə  





Xəbər lenti