Avropa təşkilatlarında kadr dəyişiklikləri gözlənilir

   Avropa təşkilatlarında kadr dəyişiklikləri gözlənilir
  19 Yanvar 2024    Oxunub:1308
Estoniyanın Baş naziri Kaya Kallas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi seçilə bilər.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Avropa Parlamentində cari ilin iyun ayında keçiləcək seçkilər bir sıra təşkilatda rəhbər kadrların dəyişikliyi ilə nəticələnə bilər. Bu çərçivədə Ursula fon der Leyenin Avropa Komissiyasının rəhbəri və Roberta Metsolanın Avropa Parlamentinin sədri kimi vəzifələrində qalacağı proqnozlaşdırılsa da, Danimarkanın Baş naziri Mette Fredriksen Avropa Şurasının yeni prezidenti seçilə bilər. Estoniyanın Baş naziri Kaya Kallasın isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində Josep Borreli əvəzləyəcəyi düşünülür.

Xanım Kallasın Avropa diplomatiyasının rəhbəri seçilməsi ittifaqda Şərqi Avropa təmsilçilərinin yüksək vəzifələrə gəlməsi ilə nəticələnə bilər ki, bu, əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Belə ki, regionun nümayəndələrinin bu qurumda aparıcı rollar qazanması Ukrayna münaqişəsinin həlli üçün də fayda verə bilər.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər Aİ-yə daxil olan bütün ölkələrdə 2024-cü il iyunun 6-dan 9-dək keçiriləcək. Avropa Komissiyasının yeni tərkibi noyabrda öz işinə başlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa     AP  





Xəbər lenti