Eyfel qülləsi qarşısında mitinq - VİDEO

   Eyfel qülləsi qarşısında mitinq -    VİDEO
  21 Yanvar 2024    Oxunub:1392
Parisdə miqrasiya qaydalarını sərtləşdirən yeni qanuna qarşı keçirilən etiraz aksiyasında 16 minə yaxın insan iştirak edib. Bu barədə “France Info” radiostansiyası Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Həmkarlar ittifaqı nümayəndələri Parisin mərkəzindəki Trokadero meydanında başlayan nümayişə 25 minə yaxın insanın gəldiyini bildiriblər. Ümumilikdə ölkədə yeni miqrasiya qaydalarının ləğvi şüarları altında 160-dan çox nümayiş keçirilib.

Polisin məlumatına görə, aksiyalarda ümumilikdə 75 min insan iştirak edib. Təşkilatçılar 150 min iştirakçının olduğunu iddia edirlər.

Qeyd olunur ki, aksiya 2023-cü ilin sonunda qəbul edilmiş qanunun respublikanın mövcud konstitusiyasına uyğunluğunu yoxlamalı olan Fransanın ali konstitusiyaya nəzarət orqanı olan Konstitusiya Şurasının qərarının elan edilməsindən dörd gün əvvəl keçirilməyə başlayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanenin hazırladığı normative akta qarşı keçirilən mitinqdə həmkarlar ittifaqı və tələbə təşkilatlarının, eləcə də siyasi partiyaların nümayəndələri qatılıblar. Xüsusilə, Fransa Kommunist Partiyası, “İtaətsiz Fransa” Partiyası və solçu “İşçi mübarizəsi” hərəkatının üzvləri mitinqdə iştirak edirlər.

Eyfel qülləsinə baxan Trokadero meydanına toplaşan etirazçılar “Darmanin qanununu ləğv edin” və “Fransız və ya miqrant – hamımız fəhlə sinfiyik” şüarları səsləndirirlər.

Qeyd edək ki, 2023-cü il dekabrın 19-da Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) miqrasiyanı sadələşdirmək və əcnəbilərin inteqrasiyasını yaxşılaşdırmaq üçün qanun qəbul edib. 349 deputatın 186 əleyhinə səs verdiyi bu akt qanun pozanların ölkədən çıxarılması prosesini sadələşdirməklə yanaşı, ailə birləşməsi prosedurunu çətinləşdirir, dövlət sosial yardımı almaq şərtlərini sərtləşdirir, həmçinin illik miqrasiya kvotalarını nəzərdə tutur.

Parlamentin bu qərarından bir neçə gün sonra solçu partiyaları təmsil edən bir qrup deputat normativ sənədlərin əsas qanuna uyğunluğunu yoxlayan Fransa Konstitusiya Şurasına müraciət edib. Sorğu müəllifləri yeni qanunun ləğv edilməsini tələb ediblər, çünki onların fikrincə, bu, ölkə konstitusiyasına uyğun gəlmir. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bu sənədin Konstitusiya Şurasına verilməsi barədə göstəriş vermişdi. Qərar yanvarın 25-də elan edilməlidir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti