Aİ Yaxın Şərqdəki müharibənin həlli planını hazırlayıb

   Aİ Yaxın Şərqdəki     müharibənin həlli planını    hazırlayıb
  22 Yanvar 2024    Oxunub:1152
Avropa İttifaqı Fəsləstin-İsrail münqaişəsinin dinc yolla həlli variantını hazırlayıb.
AzVision.az “Euractiv” informasiya portalının yaydığı məlumata istinadən xəbər verir ki, müharibənin iştirakçılarının hazırda birbaşa təmaslara hazır olmadıqları ehtimal edildiyindən, danışıqlar vasitəçilər tərəfindən aparılacaq.

Bu məqsədlə Avropa İttifaqı (Aİ), ABŞ, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Ərəb Liqası və BMT-nin iştirak edəcəyi sülh konfransı çağırılacaq. Fələstinliləri Fələstin administrasiyası və Fələstin Azadlıq təşkilatı (FAT) təmsil edəcək. Aİ-nin terrorçu təşkilat saydığı HƏMAS qruplaşması danışıqlara buraxılmayacaq.

Münaqişənin həlli planının müəllifləri konfransın bir il davam edəcəyini və bundan sonra yekun sülh müqaviləsinin hazır olacağını düşünürlər ki, bu da mütləq müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutacaq. Plana görə, həm Fələstin dövləti, həm də İsrail sülh konfransının iştirakçılarından təhlükəsizlik zəmanəti almalıdır.

İndiyədək hansısa bir münaqişənin həlli və ya postmünaqişə dövründə münasibətlərin tənzimlənməsi proseslərində heç bir uğur qazana bilməmiş Avropa İttifaqının Fələstin-İsrail münaqişəsinin dinc yolla həlli müstəvisində müsbət faydalı iş əmsalı nümayiş etdirəcəyi inandırıcı görünmür.

Əvvəla, ona görə ki, son illər Avropa İttifaqına daxil olan ölkələr arasında bir sıra məsələlərlə bağlı güclənən mövqe ixtilafı bu planın həyata keçirilməsini çətinləşdirəcək.

İkincisi, uzun illər boyu qlobal siyasi proseslərdə iştirakı firavan və əmin-amanlıqla yaşayış tərzi ilə əvəzləyən Avropa İttifaqı nəinki siyasi cırtdan olaraq qalıb, hətta güclü iqtisadi birlik kimi də rolunu itirməyə başlayıb.

Üçüncüsü və ən əsası isə, Yaxın Şərq kimi mürəkkəb bir regionda Avropa İttifaqı kimi bəsit “düşüncəyə” malik olan bir qurumun vasitəçiliyinin ciddi nəticə verə bilməsi müşkül məsələdir. Buna yəqinlik hasil etmək üçün Aİ-nin aparıcı dövlətləri olan Fransa və Almaniyanın liderlərinin, habelə birliyin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borelin bəyanatlarına və fəaliyyətlərinə nəzər salmaq yetərlidir.
Sahil İsgəndərov
AzVision.az


Teqlər:   plan  





Xəbər lenti