MD: “Moskva əla çeviklik nümayiş etdirdi”

      MD:    “Moskva əla çeviklik nümayiş etdirdi”
  26 Yanvar 2024    Oxunub:888
Rusiyanın görünməmiş sanksiyalara tab gətirməsinin səbəblərini araşdıran Qərbdə Moskvanın sanksiya qarşıdurmasından qalib çıxdığını düşünənlərin sayı artır.
AzVision.az xəbər verir ki, Belçikanın “Modern Diplomacy” nəşri, öz ehtiyatlarından - qızıldan, taxıldan, neftdən səmərəli istifadə edən Moskvanın, həm də digər ölkələrlə diplomatik əlaqələri möhkəmləndirməkdə diqqətəlayiq çeviklik sərgilədiyini vurğulayıb. Nəticədə, Rusiya iqtisadiyyatı çökmək əvəzinə böyüyür ki, bunu da ötən ilin üçüncü rübündə ÜDM-in 5,5% artması sübut edir.

Materiald deyilir ki, Qərb sanksiyaların gözlənilən effekti vermədiyini etiraf etməyə məcburdur. Paradoksal olsa da, ABŞ və Avropa İttifaqında iqtisadi vəziyyət Rusiyadan daha pisdir. Özü də, bu, İkinci Dünya müharibəsindən bəri ən böyük sanksiyalar paketinin tətbiq edilməsi fonunda baş verir. Nəşrin fikrincə, belə reallıq Moskvanın sanksiyaların mənfi nəticələri ilə mübarizədə istifadə etdiyi yaradıcı yanaşma ilə bağlıdır.

Rusiya yüksək texnologiyalı malların, o cümlədən mikroçiplərin tranzitini təmin etmək üçün İran, Türkiyə, Çin, Şimali Koreya və Qırğızıstan kimi ölkələrin köməyindən yararlanıb.
Sözügedən məqalədə, həmçinin Rusiyanın sanksiyaların minimum dərəcədə təsir göstərdiyi buğda və almaz üzrə ən böyük ixracatçı olaraq qalması vurğulanır.

Rusiya Mərkəzi bankının 300 milyard dollarlıq ehtiyatlarının Qərb ölkələri tərəfindən dondurulmasından sonra, Moskva rublu qızıla bağlamaq siyasətinə keçdi. Bu, böyük qiymətli metal ehtiyatları və istehsal gücü ilə birlikdə Rusiyaya enerji ticarəti axınını Avropadan Şərqə yönləndirmək imkanı verdi. Hazırda Rusiyanın xam neft ixracının 90%-i Çin və Hindistana gedir, Avropaya tədarükün payı isə 40%-dən cəmi 4-5 faizə enib.

Materialda, eyni zamanda, qeyd olunur ki, gəmiçilik və sığorta sahəsində sanksiyalardan yayınmaq üçün Rusiya sanksiyalara məruz qalmayan yüzlərlə gəmi alaraq, lizinq yolu ilə neft tankerlərindən ibarət geniş “kölgə donanması” yaradıb.

Beynəlxalq Enerji agentliyinin məlumatına görə, Rusiya hazırda sutkada 7,5 milyon barrel, yəni, demək olar ki, Səudiyyə Ərəbistanı qədər neft ixrac edir.
Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   sanksiyalar  





Xəbər lenti