Moskvaya nüvə silahı ilə zərbə endirilməsi barədə çağırış edilib

   Moskvaya    nüvə silahı ilə zərbə endirilməsi    barədə çağırış edilib
  31 Yanvar 2024    Oxunub:1653
Keçmiş SSRİ-nin əfsanəvi pilotu Valeri Çkalovun nəticəsi Darya Boqdanova onlayn debatda Moskvaya nüvə silahı ilə zərbə endirməyin lazım olduğunu deyib. O, hətta bu əməliyyata sponsorluq etməyə hazır olduğunu bildirib.
AzVision.az Rusiya mediasının yaydığı məlumata istinadən xəbər verir ki, İsrail vətəndaşı olan Darya Boqdanova nüvə partlayışından əziyyət çəkəcək insanların, o cümlədən anası və nənəsinin taleyinin onu maraqlandırmadığını vurğulayıb.

Boqdanovanın bəyanatına reaksiya verən Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Andrey Klimov bu çağırışın Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsində nəzərdə tutulan “Vətənə xəyanət” ittihamı əsasında yoxlanılmalı olduğunu deyib.
Senatorun fikrincə, bu hadisədən ciddi nəticə çıarılmalı və Rusiya vətənpərvərliyin təbliği ilə məşğul olmalıdır:

“Əsas nəticə bu satqınlarla söz davasına çıxmaq yox, 90-cı illərdə ölkəmizdə təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsini ləğv etdiyimiz zaman buraxılmış səhvləri düzəltmək olmalıdır. Hər şey buradan qaynaqlanır. Əgər bundan dərs götürməsək, təəssüf ki, belə faktlarla rastlaşmağa davam edəcəyik” , - Klimov deyib.

Qeyd edək ki, sınaqçı pilot, Sovet İttifaqı qəhrəmanı Valeri Çkalov təyyarə ekipajının komandiri kimi 1937-ci ildə Şimal qütbü səmasında Moskvadan Vankuverə ilk fasiləsiz uçuş edib. İyun ayının 18-20-də həyata keçirilən uçuş zamanı 8504 kilometrlik məsafə qət olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   nüvə   silah  





Xəbər lenti