Yeni Şəfəq: "Ankaraya uzun müddət F-35 təyyarəsi verilməyəcək"

      Yeni Şəfəq:    "Ankaraya uzun müddət F-35 təyyarəsi verilməyəcək"
  01 Fevral 2024    Oxunub:926
Türkiyənin hərbi arsenalında Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin olması onun F-35 beşinci nəsil təyyarə istehsalı proqramına qayıtmasını əngəlləyən yeganə maneə deyil.
AzVision.az xəbər verir ki, Türkiyənin hökumət yönümlü “Yeni Şəfəq” qəzeti öz mənbələrinə istinadən belə məlumat yayıb.

Xatırladaq ki, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland “CNN TÜRK” telekanalına müsahibəsində Türkiyənin Rusiyadan aldığı S-400-lərdən imtina edəcəyi təqdirdə, Vaşinqtonun Ankaranı F-35 proqramına qaytarmağa hazır olduğunu bildirib.

Lakin “Yeni Şəfəq” qəzetinin mənbələrinin dediyinə görə, Türkiyənin F-35 proqramı ilə bağlı problemlərinin səbəbi təkcə Rusiya silahları deyil, həm də Ankara ilə Vaşinqton arasında ciddi fikir ixtilafları yaradan bir sıra digər məsələlərdir. Bu, Şərqi Aralıq dənizindəki vəziyyət, Amerikanın Yunanıstanın silahlanmasına göstərdiyi yardım, Yaxın Şərqdəki durum və ABŞ-nin İsrailə dəstəyi, o cümlədən Vaşinqtonun köməyini alan Suriyadakı kürd təşkilatlarının fəaliyyətidir. Buna görə də Türkiyənin F-35 layihəsinə qayıdışından danışmaq üçün yalnız S-400 ilə yox, bütün bu mövzularla bağlı da ortaq məxrəcə gəlmək lazımdır.

“Hürriyət” qəzeti isə indiki mərhələdə F-35 layihəsinə qayıtmaq üçün Türkiyənin S-400 məsələsində geri addım atacağının inandırıcı olmadığını vurğulayıb. Üstəlik, ABŞ Dövlət departamentinin daha əvvəl Afinaya 8,6 milyard dollara dəyərində Amerikanın istehsal etdiyi F-35-lərin və müvafiq avadanlıqların satışına icazə verməsi Ankara üçün ciddi problemlər yaradır. Bu təyyarələrin alınması nəticəsində Yunanısranın təyyarə parkı Türkiyənin təyyarə parkını bir texnoloji nəsil üstələyəcək. Eyni zamanda, 2022-ci ildən bəri Yunanıstandakı F-16-ların 4+ nəslinə modernləşdirilməsi prosesi getdiyi halda, Türkiyədə müvafiq proqram hələ heç başlamayıb.

Bu baxımdan, Yunanıstan Hərbi Hava Qüvvələrindən (HHQ) potensial texnoloji gerilik və F-35 təyyarəsi ilə bağlı problemlər Ankaranı narahat etməyə bilməz. Məhz bu səbəbdən Türkiyə özünün beşinci nəsil döyüş təyyarəsi olan “Kaan” layihəsinin həyata keçirilməsinə xeyli vəsait yatırır.


Təyyarənin ilk sınaq uçuşunun bu il keçirilməsi planlaşdırılır. Onun Hərbi Hava Qüvvələrinin arsenalına verilməsinin isə 2028-ci ildə başlanması gözlənilir.

Xatırladaq ki, “Kaan”ın birgə təkmilləşdirilməsi layihəsi çərçivəsində Türkiyə Azərbaycanla əməkdaşlıq edir.
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Türkiyə   F-35  





Xəbər lenti