MG: Vaşinqton Türkiyə sərhədində bioloji casusluqla məşğuldur

   MG:    Vaşinqton Türkiyə sərhədində bioloji casusluqla məşğuldur
  01 Fevral 2024    Oxunub:1182
ABŞ Türkiyə, Çin və Pakistan sərhədlərində bioloji casusluq fəaliyyəti aparır.
AzVision.az xəbər verir ki, Rusiya rəsmilərinin açıqlamalarına istinad edən Türkiyənin “Medya Günlüğü” portalında dərc olunan məqalədə bu strateji əhəmiyyətli regionlarda amerikalı alimlərin xüsusilə təhlükəli infeksiyaların patogenlərini öyrəndikləri və yeni nəsil bioloji silahlar hazırladıqları bildirilir.

Məqalədə qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji müdafiə qoşunlarının (RCBZ) rəisi, general-leytenant İqor Kirillov Moskvada keçirdiyi brifinqdə ABŞ-nin hərbi-bioloji fəaliyyətinə də toxunaraq, Vaşinqtonun Çin, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı sərhədlərinə yaxın ərazilərdə bilərəkdən bioloji casusluq həyata keçirdiyini iddia edib.

“Geosiyasi opponentlərin sərhədləri boyunca və hərbi kontingentlərin yerləşdirilməsinin təklif edilən ərazilərində epidemioloji vəziyyətin təhlili aparılır. Amerika hərbi departamentinin Yaxın Şərq və Mərkəzi Asiyada, Çin, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə həmsərhəd ərazilərdə bioloji vəziyyətin monitorinqi vəzifəsi qoyduğunu təsdiqləyən materiallar daxil olub” , - Kirillov vurğulayıb.

Onun dediyinə görə, ABŞ-nin bioloji casusluq üzrə fəaliyyətinin əsas məqsədi müəyyən edilmiş bioloji laboratoriyaların köməyi ilə dünyanın strateji əhəmiyyətli regionlarında xüsusilə təhlükəli infeksiyaların patogenlərini (mikroblarını) öyrənmək, bioloji vəziyyət və bioistehsal sahəsində üstünlüyə nail olmaqdır.

Bundan əvvəl Rusiyanın Müdafiə nazirliyi ABŞ-nin virus mutasiyalarını axtararaq yeni pandemiyaya hazırlaşmağa başladığını, 2022-ci ildə isə Ukraynada Amerikanın 30 bioloji laboratoriyasının aşkarlandığını açıqlamışdı.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə hələ 2019-cu ildə bəzi ölkələrin yeni nəsil bioloji silah hazırladığını və ABŞ-nin bütün dünyada, o cümlədən Ukrayna və Gürcüstanda 200-dən çox hərbi bioloji laboratoriya yaratdığını bəyan etmişdi.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: ABŞ   biolaboratoriya   casusluq  





Xəbər lenti