Yeni doğulmuş uşağın ölməsi ilə bağlı cinayət işi başlanıb

Yeni doğulmuş uşağın ölməsi ilə bağlı cinayət işi başlanıb
  02 Fevral 2024    Oxunub:1243
Ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin (PHŞ) Regional Perinatal Mərkəzinin doğum evində yeni doğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla qeyd olunan mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkimneonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan əvvəl dölün vəziyyəti düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaraq əməliyyatın gecikdirilməsi, həmçinin yeni doğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti