Cinayətkarlar Çilidə meydan sulayırlar: Əhali narahatdır

      Cinayətkarlar Çilidə meydan sulayırlar:    Əhali narahatdır
  03 Fevral 2024    Oxunub:981
Supermarket arabasında yorğana bürünmüş meyit, kanalda məftillə bir-birinə bağlanmış iki cəsəd, çimərliklərə atılmış cəsəd parçaları, şəhərdə polislərə qumbara ilə hücumlar... Son həftələr insanları şoka salan bu cinayətlər Çilidə vətəndaşların haqlı narazılığına səbəb olub. Onlar hökumətdən cinayətkarlara qarşı təsirli tədbirlər görməyi tələb edirlər. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, vəhşi qətllər narkotik maddələrin qanunsuz dövriyyəsinin artması və mütəşəkkil cinayətkarlıqla əlaqədardır.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, insanların təhlükəsizliyi ilə bağlı problemlərin artması Çili Prezidenti Qabriel Boriçi fevralın 5-də Milli Təhlükəsizlik Şurasının iclasını çağırmağa vadar edib. Bu şuraya Senatın, parlamentin aşağı palatasının spikerləri, Ali Məhkəmənin sədri, ordunun və hüquq-mühafizə orqanlarının rəhbərləri daxildir.

Çili Prezidenti deyib:

"Hər kəs bilməlidir ki, cinayətkarlıqla, zorakı cinayətlərlə, narkotiklərin qanunsuz dövriyyəsi və odlu silahların yayılması ilə mübarizə mənim rəhbərlik etdiyim hökumət üçün prioritetdir".

Hökumət etiraf edir ki, insan alveri, sifarişli qətllər, işgəncələr və vəhşiliklərin əsas səbəbi qonşu ölkələr olan Ekvador, Kolumbiya, Venesueladan cinayətkar ünsürlərin Çiliyə axınıdır. Cinayətkarların əksəriyyəti 13-15 yaş arasında olan yeniyetmələrdir.

Parlamentin üzvləri və şəhərlərin merləri hökumətdən Santyaqo və digər kommunalarda fövqəladə vəziyyət elan etməyi tələb edirlər. Hakimiyyət buna hələ ki razı olmur.

Son rəsmi məlumatlara görə, 2018-ci ildən 2022-ci ilədək Çilidə üstü açılmamış qətl hadisələri 23,7 faizdən 41,6 faizə qalxıb.

AzVision.az


Teqlər: Çili   hadisə   cinayətlər  





Xəbər lenti