Sunak: "Şimali İrlandiyanı parlaq gələcək gözləyir"

      Sunak:    "Şimali İrlandiyanı parlaq gələcək gözləyir"
  05 Fevral 2024    Oxunub:1070
"Şimali İrlandiya iki illik dalana dirənmiş hökumət probleminin həlli nəticəsində parlaq gələcəyə doğru irəliləyir".
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu sözləri Şimali İrlandiyanın paytaxtı Belfasta səfəri zamanı dilə gətirib.

Respublikaçı "Sinn Féin" (tərcümədə "Biz özümüzük") partiyasının vitse-prezidenti Mişel O'Nilin şənbə günü birinci nazir seçilməsi ilə ilk dəfə millətçi nümayəndənin rəhbərliyə gəlməsini ölkədə hakimiyyət bölgüsü prinsipi üçün mühüm addım kimi qiymətləndirən Sunak:

"İnsanların daha parlaq gələcəyə doğru tərəqqisi naminə təqdirəlayiq işlər görüldü, tərəflərin hakimiyyət səlahiyyəti hüququ üçün əhəmiyyətli səy göstərildi", - söyləyib.

Adıçəkilən partiya Şimali İrlandiyada Britaniya hökmranlığına son qoymaq və vahid İrlandiya yaratmaq naminə mübarizə aparan "İrlandiya Respublika Ordusu" təşkilatının keçmiş siyasi qanadıdır. 1998-ci ildə Britaniya və Şimali İrlandiya arasında imzalanmış Belfast müqaviləsinə əsasən, təşkilat mübarizəni dayandıraraq, ölkədə hakimiyyət bölgüsü prinsipi əsasında özünüidarə hüququ qazanıb. Beləliklə, regionda siyasi və milli zəminli çaxnaşmalar başa çatıb.

Xanım O'Nil "Sky News"a müsahibəsində partiyasının rəhbər mövqe tutmasını "onillik fürsət" adlandırıb.

"Hakimiyyət bölgüsü təşəkkül tapdıqca ictimai xidmətlər və qanuni haqlar çərçivəsində daha da bərabərhüquqlu cəmiyyətə çevriləcəyik", - o deyib.

(Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil və müavini Emma Littl-Penqelli)

Baş nazirin ofisindən verilən məlumata görə, Rişi Sunakın bu gün Mişel O'Nil və müavini, Demokratik Birlik Partiyasının nümayəndəsi Emma Littl-Penqelli ilə görüşü nəzərdə tutulur.

Xatırladaq ki, şənbə günü Şimali İrlandiya Assambleyasının iclasında hökumətə ilk dəfə millətçi partiya "Sinn Féin"in üzvü birinci nazir seçilib. Onun müavini isə, hakimiyyət bölgüsü prinsipinə əsasən, əks qanada mənsubdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İrlandiya   Britaniya   nazir  





Xəbər lenti