Macarıstanda qalmaqal: Prezident pedofili əfv edibmi?

  Macarıstanda qalmaqal:  Prezident pedofili əfv edibmi?
  09 Fevral 2024    Oxunub:1040
Prezident Katalin Novakın uşaqlara qarşı cinsi zorakılıq işində cinayət şəriki kimi damğalanmış keçmiş uşaq evi direktorunun müavininə amnistiya verdiyi üzə çıxıb.
AzVision.az xəbər verir ki, sözügedən müavin 2004-2016-cı illərdə uşaq evində azı 10 uşağı cinsi zorakılığa məruz qoyan direktorun cinayət ortağıdır. Əməli gizlətməyə köməklik göstərən müavin 2018-ci ildə məhkəmənin hökmü ilə 5 ildən artıq, direktor isə 8 il həbs cəzası alıb.

Hərçənd müavinin ötən ilin aprelində əfv sərəncamı ilə sərbəst buraxılması ölkə prezidentini, habelə sərəncamı imzalamış sabiq ədliyyə naziri Varqa Yuditi xalq, müxalifət, eləcə də cinsi təcavüz qurbanları nəzərində hədəfə çevirib. Bu gün paytaxt Budapeştdəki prezident sarayı qarşısında qərara etiraz nümayişi keçirilməsi gözlənilir.

Xanım prezident keçirdiyi mətbuat konfrasında təkzib bəyanatı yayaraq, "Prezidentlik dövrümdə hansısa pedofil üçün əfv qərarı verilməyib", söyləyib.

Müxalifət isə Novakın 2020-2021-ci illərdə ölkənin ailə işləri naziri vəzifəsində çalışdığını xüsusilə vurğulayaraq, onu istefaya çağırır. Bu çərçivədə Macarıstanın ən böyuk müxalifət partiyası - Demokratik Koalisiya parlamentdə prezidentə qarşı təhqiqata başlayıb.

Partiya nümayəndəsi, deputat Olqa Kalman cinayətkar müavinin əfv sayəsində yenidən uşaq evində işləyə biləcəyini diqqətə çatdırıb.

(Macarıstan Milli Məclisinin üzvü, Demokratik Koalisiyanın nümayəndəsi Olqa Kalman)

"Amnistiya o deməkdir ki, onun cinayət keçmişi silinir və peşəsinə qayıtmağa icazə verilir. Beləliklə, o, yenə uşaq evinə qayıda bilər", - xanım deputat narahatlığını dilə gətirib.

Qalmaqalla bağlı "Facebook" hesabında videomüraciət yayımlayan Baş nazir Viktor Orban uşaqlara qarşı cinayətlərdə təqsirli bilinənlərin prezident amnistiyasına düşməsinin qarşısını almaq üçün ölkə konstitusiyasında düzəliş təklifi irəli sürüb.

"Pedofillərə mərhəmət göstərilməməlidir. Məsələni birdəfəlik bağlamağın vaxtı çatıb", - Baş nazir söyləyib.


Firudin Həmidli
AzVision.az


Teqlər: Macarıstan   qalmaqal  





Xəbər lenti