İranda saxlanılan isveçlini edam gözləyir

"O, siyasi oyunların qurbanına çevrilib"

   İranda saxlanılan isveçlini edam gözləyir
  09 Fevral 2024    Oxunub:1111
(Yuhan Floderus və bacısı İnqrid)

663 gündən artıqdır ki, İranda əsassız ittihamlarla həbsdə saxlanılan isveçli Aİ diplomatı Yuhan Floderusun ailəsi ona qarşı yaxın günlərdə ölüm hökmünün çıxarılacağından narahatdır.
AzVision.az xəbər verir ki, isveçli məhbusun bacısı İnqrid Floderus onun azadlığa buraxılması üçün tədbir görülməsi ilə bağlı İsveç hökumətinə çağırış ünvanlayıb.

O söyləyir ki, iranlı prokurorlar qardaşına qarşı maksimum cəza verilməsini istəyirlər.

"Axı bu necə baş verə bilər? O, qardaşımdır. Onu öldürmək istəyirlər? Belə nəticəyə dözmək çox çətindir. Çox məyusam, qardaşım orada tək qalıb. Şəkillərinə baxanda yanına getməyə can atıram...", - İnqrid deyib.

(Yuhan Floderus Aİ-İran birgə proqramı çərçivəsində işlədiyi dövrdə)

Yuhan Floderus 2022-ci il aprelin 17-də ölkəsinin İrandakı səfirliyində işləyən dostu ilə görüşün ardınca Tehran hava limanında saxlanılıb. Həmin vaxtadək o, Avropa İttifaqının Xarici Xidmətlər Departamentinin Əfqanıstan masasında çalışıb, Aİ-İran birgə proqramı çərçivəsində "Taliban"dan qaçan əfqanlara dəstək üçün bir neçə dəfə İrana da gəlib.

Dekabr ayında İran məhkəməsi ona qarşı "sionist rejimlə geniş kəşfiyyat əməkdaşlığı" "Yer üzündə fəsad" ittihamları irəli sürüb.

(Yuhan Floderus İranda istintaq zamanı)

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin ofisi də Floderusun əsassız ittihamlarla saxlanıldığını diqqətə çatdırıb:

"İşin əvvəlindən aydındır ki, cənab Floderus günahsızdır. Avropa İttifaqı onun azadlığa çıxması üçün danışıqlar aparır".

İsveç Xarici İşlər Nazirliyininin sözçüsü də həmvətənlisinin sərbəst buraxılması üçün "intensiv işlər görüldüyünü və o, azadlığa çıxıb evə qayıtmayınca İran tərəfi ilə danışıqların davam edəcəyini" vurğulayıb.

Yuhanın bacısı İnqrid ümidlidir ki, yaxın günlərdə gözlənilən yekun hökmdə qardaşı bəraət ala bilər:

"O, tamamilə günahsızdır. Sadəcə hansısa siyasi oyunların qurbanına çevrilib. Edam və ya ömürlük həbs hökmü çıxarılarsa, təəccüblənmərəm, - təəssüf ki, bu, gözləniləndir. Hər halda, istərdim ki, onlar desinlər: "Yanlış adamı saxlamışıq, bağışlayın, azadsınız...".

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   İsveç     məhbus   diplomat  





Xəbər lenti