Bişkek Vaşinqtona xəbərdarlıq ünvanlayıb

   Bişkek Vaşinqtona    xəbərdarlıq    ünvanlayıb
  12 Fevral 2024    Oxunub:909
Qırğızıstan prezidenti Sadır Japarov ABŞ-nin dövlət katibi Antoni Blinkenə cavab məktubunda Vaşinqtonu və digər ölkələrin hökumətlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb.
AzVision.az “AKİpress” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, sənədi Qırğızıstan prezidentinin mətbuat katibi Asqat Alaqozov dərc edib.

Bundan əvvəl Japarova mesaj göndərən Antoni Blinken Qırğızıstan parlamentinin “Qeyri-kommersiya təşkilatları haqqında” qanuna dəyişikliklərə baxmasından narahatlığını bildirib. Yeni əsasnaməyə görə, bu cür təşkilatlar siyasi fəaliyyətlə məşğul olduqda və xaricdən maliyyələşdikdə “xarici nümayəndə” statusu ilə xüsusi reyestrə salınacaqlar.

Japarov məktubda Bişkekin bərabərhüquqlu əməkdaşlığın tərəfdarı, bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazır olduğunu vurğulayıb.

“Mənim bircə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmayasınız” , - Sadır Japarov Blinkenə cavab verib.

O, həmçinin təəssüflə bildirib ki, ABŞ dövlət katibinin Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı “obyektiv” təsəvvürləri yoxdur.

Qırğızıstan prezidentinin sözlərinə görə, respublikada xarici dövlətlər tərəfindən maliyyələşdirilən qeyri-kommersiya təşkilatlarından ibarət kiçik “çox səs-küylü qrup”, eləcə də onların ayrı-ayrı nümayəndələri öz “çətinlikləri” və “təqibləri” barədə spekulyasiya ilə məşğuldurlar. Onlar tez-tez insanlar arasında “yalan, etibarsız məlumatlar yayırlar ki, bu da zərərçəkmişlərin və ya böhtan atılanların tələbi ilə məhkəmə çəkişmələrinə səbəb olur”.

- Bununla əlaqədar, ən azı son on ildə ABŞ-nin dövlət təşkilatları tərəfindən maliyyələşdirilən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının vəsaitlərindən istifadə olunmasının auditinin aparılmasını təklif edirəm” , - Qırğızıstan prezidenti ABŞ-nin Dövlət katibinə yazıb.

Qırğızıstanda insan hüquq və azadlıqlarının ölkənin “Konstitusiyası və qanunları ilə etibarlı şəkildə qorunduğunu” “birbaşa görmək” üçün Sadır Japarov Entoni Blinkeni şəxsən Bişkekə gəlməyə dəvət edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Japarov   Blinken  





Xəbər lenti