İlon Mask Ukraynaya yardımın əleyhinədir

 İlon Mask Ukraynaya yardımın əleyhinədir
  13 Fevral 2024    Oxunub:1158
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi və baş direktoru amerikalı milyarder İlon Mask Rusiya prezidenti Vladimir Putinin “Ukraynaya qarşı müharibədə uduzması şansı”nın olmadığını deyib. O, həmçinin ABŞ-nin Ukraynaya yardım göstərməsinə dair qanun layihəsinin qəbuluna qarşı çıxıb.
AzVision.az “Bloomberg” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, İlon Mask bu bəyanatı “X” platformasında Ukraynaya yardım haqqında qanun layihəsinin əleyhdarlarının iştirak etdiyi daxil olduğu müzakirələr zamanı səsləndirib.

“Bu xərclər və müharibənin davam etdirilməsi Ukraynaya kömək etmir. Eyni zamanda, müharibəni sona çatdırmaq üçün Rusiya prezidentinə təzyiq göstərilir. Əgər Putin geri çəkilsə, onu öldürəcəklər” , - Mask bildirib.

Amerikalı sahibkar, həmçinin Putinin adepti (tərəfdarı) olması ilə bağlı ittihamları rədd edərək, bu iddiaları “absurd” adlandırıb. Ona məxsus şirkətlərin “Rusiyanı hər kəsdən daha çox sarsıtmaq üçün daha çox iş gördüyünü” vurğulayan İlon Mask, “SpaceX”-in Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkənin kommunikasiyaları üçün vacib olan “Starlink” internet xidməti təqdim etdiyini, həmçinin kosmik buraxılışlar sahəsində Moskvanın biznesini əlindən aldığını xatırladıb.

Milyarder bildirib ki, onun marağı müharibədə iştirak edən hər iki tərəfdən insanların ölümünün dayandırılması ilə bağlıdır.

“Rusiyada rejimin dəyişməsini istəyənlər düşünməlidirlər ki, Putini vəzifədən uzaqlaşdıra biləcək şəxs kimdir və bu adam sülhpərvər olacaqmı? Yəqin ki, yox” , - deyən Mask, belə bir adamın çox güman ki, “Putindən də sərt” olacağını əlavə edib.

Qeyd edək ki, Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılması haqqında qanun layihəsi ABŞ Senatında təsdiqlənmək üçün yetərli sayda səs toplayıb.
Senatda qəbul ediləcəyi təqdirdə, prosedura uyğun olaraq, sənəd təsdiqlənmək üçün ABŞ Konqresinin Nümayəndələr Palatasına da göndəriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Putin  





Xəbər lenti