Makron Ukraynaya səfərdən boyun qaçırdı

   Makron    Ukraynaya səfərdən    boyun qaçırdı
  14 Fevral 2024    Oxunub:1017
Bir müddət idi ki, Fransa prezidenti Emmanuel Makronun Kiyevə səfərinin anonsu verilsə də o, Ukraynaya getməkdən imtina edib.
AzVision.az Fransa mediasında yayımlanan məlumata istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, Emmanuil Makronun fevralın 13-14-nə planlaşdırılan Ukraynaya səfəri təhlükəsizlik baxımından baş tutmayıb.

Səfərin məqsədi “təhlükəsizlik zəmanətləri” haqqında ikitərəfli sazişin imzalanması olub ki, bu müqaviləyə əsasən də, Paris Ukraynaya daha müasir silahlar, o cümlədən uzaq mənzilli qanadlı raketlər verməlidir.

“Challenge.fr” saytının məlumatına görə, Kiyevin əsas tələbi 12 “Mirage 2000D” hücum təyyarəsi ilə bağlıdır və Ukrayna rəsmiləri bu döyüş təyyarələrinin Fransa tərəfindən çatdırılmasını Makronun səfərinin yeganə gündəliyi kimi qoyublar.

Lakin rəsmi Paris “Mirage 2000D”-nin transferinə zəmanət verməyə hazır olmadığından səfər təxirə salınıb.

Makronun səfərdən imtinası ilə bağlı isə ekspertlər bir neçə ehtimal irəli sürürlər.
1.Makron fransız şirkətlərinə əhəmiyyətli fayda gətirəcək Ukraynanın yenidənqurma proqramına fransız biznesini cəlb etmək üçün zəmanət almaq istəyib, lakin Ukraynanın gündəmi daraltması onu qane etməyib.

2.Görünür, transfer məsələsini “öyrənməyə” davam edən Fransa Hərbi Hava Qüvvələri (HHQ) ilə heç bir razılaşma yoxdur. Bu, həm də reputasiya məsələsidir. Belə ki, “Mirage 2000D” Rusiyanın ən yaxşı “Su-35” qırıcıları ilə toqquşmada vurula bilər. Bu tip təyyarələrin Rusiyanın hava hücumundan müdafiə sistemlərini, o cümlədən “Pantsir” kimi mobil platformalarını üstələyə bilib-bilməyəcəyi də sual altındadır. Bundan əlavə, “Mirage 2000D” seriyası istimardan çıxarılır və Ukraynada mövcud olmayan əhəmiyyətli logistik dəstək tələb edir. Bu o deməkdir ki, Ukrayna Fransada texniki mütəxəssislər tapmalı, ehtiyat hissələrinin tədarükü üçün logistika və təmir bazası qurmalı olacaq. Bu isə, Fransanın birbaşa Rusiya ilə münaqişəyə sürüklənməsidir.

3.Sövdələşməni maliyyələşdirmək üçün öhdəlik götürmək istəməyən Paris buna Sülh Fondundan Avropa pullarını cəlb etməyə üstünlük verir. Bu məsələ ilə bağlı Parislə Brüsselin razılaşmadığı ehtimal olunur.

4.Makron hökuməti son dərəcə qeyri-populyardır. Fransadakı siyasi müşahidəçilər Ukraynaya maliyyə yardımı verildiyi halda əziyyət çəkən fransız fermerlərin heç nə almadıqlarını vurğulayırlar. Ukraynanı təbliği ilə məşğul olan və ölkənin reallıqlarına məhəl qoymayan Makron adının humanitar fəlakətlə əlaqələndirilməsində maraqlı deyil.
Bununla belə, Fransa istismardan çıxaracağı deltaşəkilli pəri olan 20 “Mirage 2000D” təyyarəsini Ukraynaya verə bilər.

Bundan başqa, qanadlı “SCALP-EG” raketləri və idarəolunan “Hammer” bombaları ilə tam uzlaşan iki oturacaqlı, tək mühərrikli səsdən sürətli “Mirage SCALP-EG” təyyarələri də bu sıradadır. Birincilər artıq Ukraynada istifadə olunur, ikincilər isə tezliklə ortaya çıxacaq. Qeyd edək ki, Fransa ötən il Ukraynaya 50-yə yaxın “SCALP” raketi verib və bu yaxınlarda daha 40 raket verəcəyini də vəd edib.

Hələlik isə, təcavüzkar Ermənistanı can-başla silahlandıran Fransa prezidenti Emanuil Makron öz ərazi bütövlüyünü bərpa etmək üçün ölüm-dirim müharibəsi aparan Ukraynanı dar ayaqda qoyaraq meydandan qaçıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Ukrayna  





Xəbər lenti