Aİ özünün nüvə silahlarını yaradır? - Qırmızı düymə kimdə olacaq?

  Aİ özünün nüvə silahlarını yaradır?  - Qırmızı düymə kimdə olacaq?
  15 Fevral 2024    Oxunub:1283
Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman diqqət çəkən açıqlamalar verib.
O, Deutschland Funk-a müsahibəsində deyib ki, Avropa İttifaqının (Aİ) özünün nüvə silahı yaratması ideyası qurum üçün real deyil. Aİ müstəqil şəkildə nüvə vasitələrini inkişaf etdirməkdənsə, digər sahələrə üstünlük verməlidir.

Aİ ordunu formalaşdırmaq üçün öz nüvə silahını yarada bilər
"Bu, bütün Avropanı qoruyacaq bir mürəkkəb sistem olmalıdır. Məncə, çoxları bunun nə demək olduğunu anlamır. Yalnız xərclərdən xəbərdardılar. Çünki bu mövzuda ictimaiyyət üçün heç bir müzakirə təşkil olunmur", - Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədri vurğulayıb.


Express.at nəşr i isə təkcə almaniyanınn deyil, digər ölkələrin də bu ideyaya doğru addımladığını iddia edib. Çünki Almaniyanın bütün Atom Elektrik Stansiyalarını (AES) bağlaması (Berlin “İsar-2”, “Nekkarvestheim-2” və “Emsland” adlı son 3 AES-i ötən il bağladı-red.) fonunda bölgədə yenidən nüvə silahları məsələsinin gözlənilmədən problemə çevrildi. Buna səbəb Donald Trampın ABŞ prezidenti seçilməsi ehtimalının artmasıdır.

Berlin və Paris artıq ABŞ-nin nüvə çətirinə arxalanmaq istəmir: "İndi alman siyasətçilər açıq şəkildə Aİ-nin özünün nüvə silahına malik olması barədə düşünürlər. O zaman sual yarın, bəs qırmızı düyməyə basmaq hüququ kimə veriləcək? Görünür təkcə Almaniya deyil, Avropanın əsas siyasətçiləri də artıq ABŞ-nin nüvə çətirinin altına sığınmaq istəmir, Vaşinqtona etibar etmirlər. ABŞ "Soyuq Müharibə"dən bəri yalnız bir şeyi nümayiş etdirir ki, bu da Vaşinqtonun Almaniya kimi özünün nüvə silahı olmayan və təhdid altına düşən NATO dövlətlərini sözügedən bomba ilə müdafiə edən güc olmasıdır. 1955-ci ildə ilk aviasiya nüvə silahları məhz Almaniya ərazisində yerləşdirilmişdi".

Müəllif xatırladıb ki, Fransa və Böyük Britaniyanın nüvə silahı olsa da, ondan digər NATO ölkələrini müdafiə etmək üçün istifadə edilmir. Bu iki NATO dövləti məlum silaha sahib olmaqla sadəcə düşmən qüvvələri öz ərazilərinə hücum etməkdən çəkindirmək istəyir.

Avropa Parlamentinin sədr müavini Katarina Barley də Almaniyanın “Tagesspiegel” nəşrinə müsahibəsində oxşar mövzuda diqqət çəkən açıqlamalar vermişdi. O qeyd edib ki, Avropa ordusunun formalaşması yolunda nüvə silahının yaradılması Avropa İttifaqında müzakirə mövzusuna çevrilə bilər.

Maraqlıdır, Aİ-nin vahid nüvə bombası olarsa və əgər Avropada müharibəylə bağlı ən pis ssenari reallaşarsa, qırmızı düyməni işə salmaq səlahiyyəti hansı ölkəyə və ya kimə veriləcək? Fransa, Almaniya, yoxsa Brüsseldə oturanlar bu hüquqa malik olacaq? Bəlkə səlahiyyət Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyendə olacaq? Yenidən ABŞ-nin prosesə əsas nəzarətçi rolunu oyanayacağı da istisna edilmir.

Xatırladaq ki, respublikaçıların prezidentliyə namizədi olan Donald Tramp defolta uğramış NATO ölkələrindən imtina etmək istəyir. O, bu yaxınlarda qalmaqallı şəkildə bəyan etdi ki, yenidən prezident seçiləcəyi təqdirdə, NATO-dakı müttəfiqlərini hətta Rusiyanın hücumundan belə müdafiə etməyəcək.

Qeyd edək ki, nüvə silahları dünya ölkələrinin ordusunda çəkindirici rol oynayır. 1945-ci ilin avqustunda 210 mindən çox insanın öldüyü Xirosima və Naqasaki faciəsindən sonra atom bombaları bir daha müharibədə istifadə edilmədi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Avropa-İttifaqı   Nüvə  





Xəbər lenti