Fransalı baş redaktor KQB casusu imiş

   Fransalı baş redaktor KQB casusu imiş
  16 Fevral 2024    Oxunub:1173
Fransanın "L'Express" jurnalının keçmiş baş redaktoru (1971-1978) Filip Qrumbaxın (1924-2003) 35 il SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə işlədiyi üzə çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə "L'Express"in son sayında (15 fevral 2024) məqalə yayımlanıb.

"O, uğurlu jurnalist, eləcə də 35 il KQB-də işləmiş vətən xainidir", - məqalədə vurğulanır.

Jurnalın hazırkı baş redaktoru Etyen Jirar və əməkdaşı Ann Marion tərəfindən KQB arxivləri əsasında hazırlanmış araşdırma məqaləsində bildirilir ki, Qrumbax 1981-ci ilədək "Brok" kod adı altında rus xüsusi xidmətinin lehinə gizli fəaliyyət göstərib.

Bu müddətdə o, Fransanın bir sıra prezidenti haqqında SSRİ-yə məlumat ötürüb. Məsələn, 1974-cü ildə seçkilər zamanı kommunistlərin müttəfiqi Fransua Mitteranın lehinə rəqibi Valeri Jiskar d'Esteni məğlubiyyətə uğratmaq tapşırığı alıb, - hərçənd tapşırıq uğursuz nəticələnib: həmin il D'Esten prezident seçilib.

"Yaxın ətrafı onun məxfi xidmətini təsdiqləyib. Vaxtı ikən Mitteran və Jiskarla da yaxın dost idi. Beşinci Respublikanın heç kəsin bilmədiyi ən böyük sovet casuslarından biri idi", - Etyen Jirar söyləyib.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Soyuq müharibə dövründə o dövrün siyasi proseslərini öyrənmək üçün Fransada bir çox casus yerləşdirib. Hərbi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Kristof Qomarın sözlərinə görə, həmin casusların işi "kəşfiyyat məlumatların, siyasi layihələrin toplanılaraq SSRİ-yə ötürülməsindən" ibarət idi

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   jurnal   redaktor   KQB   casus  





Xəbər lenti