Kerobyan müəmması böyüyür: Sabiq erməni nazir ev dustağı oldu

 Kerobyan müəmması böyüyür:  Sabiq erməni nazir ev dustağı oldu
  16 Fevral 2024    Oxunub:1233
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq iqtisadiyyat naziri Vaan Kerobyan barəsində iki aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
“Sputnik Armenia”yanın yaydığı məlumata görə, qərardan məhkəmə aktı alındıqdan sonra 10 gün ərzində apellyasiya şikayəti verilə bilər.

Ermənistanın iqtisadiyyat naziri istefa verdi
Qeyd edək ki, ona evdən çıxmaq, kiminləsə ünsiyyət qurmaq, eyni zamanda, təcili yardım çağırmaq kimi fövqəladə hallar istisna olmaqla yazışmalar və telefon danışıqları qadağandır.

Keçmiş iqtisadiyyat naziri məhkəmə zalında jurnalistlərə açıqlama verib. Əvvəlcə Kerobyan zala gətirilərkən jurnalistlərə "Yeni nazir təyin edilibmi?" sualını verib.
Onun sözlərinə görə, məlum vəzifəyə layiqli namizədlər var, amma əvəzolunmaz insan yoxdur”. Jurnalistlər "deputat Gevorq Papoyanın iqtisadiyyat naziri təyin olunacağı ilə bağlı şayiələr yayılıb, buna münasibətiniz necədir?" sualına isə Kerobyan “Çox yaxşı” cavabını verib.
Daha sonra o qeyd edib ki, açılan cinayət işini siyasi qərar saymır.

Xatırladaq ki, Kerobyan iki gün öncə istefa verib. Fevralın 15-də sabiq nazir İstintaq Komitəsinə dindirilməyə çağırılıb və ona “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham irəli sürülüb.

Yerli media yazır ki, ona qarşı verilən bu qərarlar və təzyiqlər intensiv (yüksək məhsuldar-red.) bağların salınması üçün vəsaitlərin mənimsənilməsinə dair son korrupsiya qalmaqalı ilə bağlı ola bilər. Qeyd edək ki, Kerobyanın müavini Ani İspiryan və İqtisadiyyat Nazirliyinin digər rəsmilərinin bu işlə bağlı adları hallanır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Nazir  





Xəbər lenti