" Rusiya Navalnının ölümü ilə bağlı bütün faktları ortaya qoymalıdır"- Stoltenberq

 " Rusiya Navalnının ölümü ilə bağlı bütün faktları ortaya qoymalıdır"-  Stoltenberq
  16 Fevral 2024    Oxunub:1310
NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Aleksey Navalnının ölümü ilə bağlı bütün faktları aşkar etməyə çağırıb.
Şimali Atlantika Alyansının baş katibi əlavə edib ki, Rusiya Federasiyası Navalnının ölümü ilə bağlı bütün faktları ortaya qoymalı və çox ciddi suallara cavab verməlidir.

Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova NATO liderlərinin Aleksey Navalnının ölümünə reaksiyasını şərh edərkən bildirib ki, onların sürətli nəticələri özünü ifşadır.

Qeyd edək ki, Rusiyalı müxalifətçi Aleksey Navalnı bu gün Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında vəfat edib. 47 yaşlı siyasətçinin tromb yaranması səbəbindən dünyasını dəyişdiyi bildirilir.

2021-ci ildən bəri Navalnı həbsdə idi. Məhkəmə onun Yves Rocher işi üzrə 3,5 illik şərti cəzasını real cəza ilə əvəz etmişdi. 2022-ci ilin martında Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2022-ci ilin oktyabrında o, ekstremist icma yaratmaq və təşkil etmək, orada iştirak etmək, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə ittiham olunmuşdu. 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi bu iş üzrə Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası kəsmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti