DeepState: “Ukraynada kritik vəziyyət yaranıb”

   DeepState:    “Ukraynada kritik vəziyyət yaranıb”
  20 Fevral 2024    Oxunub:735
Rusiya ordusu Donetsk vilayətinin Avdeyevka şəhərini ələ keçirdikdən sonra Ukrayna ordusunun müdafiə xəttini daha bir istiqamətdə yarıb.
AzVision.az “DeepState” beyin mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya qoşunları Ukraynanın müdafiə xəttini yararaq Zaporojye vilayətinin Verbovoye kəndinə qismən daxil ola biliblər. Ukrayna Silahlı Qüvvələri onları geri oturtmağa çalışır ki, bunun da nəticəsində qarşı tərəf ciddi itkilər verir.

Avdeyevka istiqamətində hücumu inkişaf etdirməyə çalışan Rusiya ordusu isə buraya əlavə qüvvələr cəmləşdirir. Analitiklərin fikrincə, Ukrayna Silahlı Qüvvələri üçün bu istiqamətdə yeni mövqeləri möhkəmləndirmək çətin olacaq, çünki Avdeyevkadan sonra səhra ərazisi başlayır.

“Avdeyevka uğrunda döyüşlər bitdikdən sonra rus qoşunları növbəti əsas qüvvələri hara köçürmək barədə qərar verməlidirlər. Ruslar şəhərin qərbindəki əməliyyat məkanına girməyə və ya Kupyansk, Çasovoy Yar və ya Rabotino üzərində cəmləşə bilərlər” , - hesabatda deyilir.

Qərb mediası yazır ki, Avdeyevkanın itirilməsindən sonra Rusiya ordusunun hücumları güclənəcək, Ukrayna üçün isə vəziyyət getdikcə dramatikləşəcək. “The Times” nəşri isə, silah çatışmazlığını doldurmaq üçün Avropanın yeni addımlar atmayacağı halda Ukraynanın Rusiya ilə müharibəni uduza biləcəyini vurğulayır.

Yeri gəlmişkən, Volodomir Zelenski də Ukraynanın indi müharibənin ən çətin günlərini yaşadığı barədə Qərbə, xüsusən də Vaşinqtona xəbərdarlıq ünvanlayıb. Əgər hərbi sursatın və hava hücumundan müdafiə vasitələrinin təcili tədarükü ilə bağlı Qərbin verdiyi vədlər yerinə yetirilməsə, Ukrayna işğalçını sıxışdırmaq bir yana, Rusiyaya uzun müddət müqavimət göstərməyi mümkünsüz sayacaq.

- Vaxtında edilən xəbərdarlıqdır. NATO tezliklə 75 illik yubileyini qeyd edəcək, lakin transatlantik gərginlik heç vaxt bu qədər gərgin olmayıb. Blokun isə yalnız bir neçə üzvü ÜDM-nin tövsiyə olunan 2 faizini müdafiəyə xərcləyir. Böyük Britaniya onlardan biridir, lakin Fransa, İtaliya, Almaniya və başqaları hələ də bir faiz belə töhfə verə bilmir. Seçim indi göz qabağındadır. Avropa silah və yardım qıtlığını doldurmaq üçün daha çox şey etməsə, Ukrayna məğlubiyyətlə üzləşəcək” , - nəşr vurğulayır.

“Forbes” nəşri isə rus ordusunun son vaxtlar fuqas aviabombalarından (FAB) intensiv şəkildə istifasdə etməsinə diqqət çəkərək, məhz bunun Ukrayna ordusunu Avdeyevkadan geri çəkilməsini şərtləndirdiyini bildirib.


Rusiya qoşunlarının bu taktikanı cəbhənin digər sektorlarında da təkrarlayacağı gözlənilir. Avdeyevkaya qarşı sürüşkən bombardman kampaniyası cəbhə xəttinin başqa yerlərində Rusiyanın əməliyyatlarında dəyişikliklərə dəlalət edə bilər. Bundan əlavə, Rusiyanın min qırıcı-bombardmançı təyyarəsi var ki, bu da Ukrayna Hərbi Hava Qüvvələrinin potensialından on dəfə çoxdur.

Həm də, müharibənin əvvəlində Rusiya aviasiyası tez-tez itki verirdisə, indi vəziyyət dəyişib. Ruslar qanadlı bombalardan istifadə etməyə başladılar ki, bu da bombardmançılara qarşı təhlükəni azaldıb. Onlar Ukraynanın zenit-raket komplekslərinin əhatə dairəsinə daxil olmadan yüklərini “boşaldırlar” və nəticədə qanadlı bombalar Rusiyanın ən qorxulu silahına çevrilib.

“Forbes”un iddiasına görə, vəziyyət bu ruhda davam edərsə, yaxın bir-iki günə Ukrayna ordusunun müdafiə xətti çökə bilər.
Ukrayna qoşunları binaları uçurmaq və bunkerləri əzmək üçün kifayət qədər atəş gücünə malik olan nəhəng səssiz, korrektə olunan aviabombaların (KAB) da zərbələri ilə qarşılaşıblar. Avdeyevkada məhz bu baş verib.

- Bu bombalar istənilən mövqeni tamamilə məhv edir. Bütün bina və tikililər sadəcə bir KAB-ın düşməsindən sonra sadəcə olaraq çuxura çevrilir və onlardan gündə 60-80-i üstümüzə düşür” , - Ukraynalı desantçı-hərbçi şahidlik edir.



Ötən həftənin sonunda hava hücumunun pik vaxtında ruslar 48 saat ərzində 250 KAB aviabombası buraxıblar və artıq burada gizlənməyə yer tapmayan Ukraynanın 110-cu briqadası geri çəkilmək məcburiyyətində qalıb.

Amerikanın müharibələrin öyrənilməsi (ISW) analitik mərkəzinin qiymətləndirməsinə görə, çox güman ki, iki ildə ilk dəfə Rusiya təyyarələri Moskvanın apardığı quru əməliyyatlarında həlledici rol oynayıb.

Bununla belə, qarşı tərəfin də itkilərə məruz qaldığı vurğulanır. Arsenalında ABŞ-nin istehsal etdiyi “Patriot” zenith-raket sistemləri olan Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri son günlər ərzində Rusiyanın 4 qırıcı təyyarəsini vurublar. Lakin Ukraynanın kifayət qədər gücü yoxdur. Çünki ötən ilin oktaybrından başlayaraq, ABŞ Konqresindəki Rusiya “tərəfdarı” olan respublikaçılar ukraynalı hərbçilərə yardım göstərilməsini əngəlləyirlər.

Ukrayna Daxili İşlər nazirliyinin keçmiş müşaviri Anton Geraşenkonun sözlərinə görə, “Patriot” ehtiyatları “kritik səviyyəyə düşür” . Eyni zamanda, ilk F-16 təyyarələninin yaxın həftələrdə və aylarda Ukraynaya gəlməsi gözlənilir ki, bu da “Patriot” üçün sursat çatışmazlığını aradan qaldırmağa kömək edəcək.

Lakin F-16 təyyarələri Rusiya qırıcılarını və hava hücumundan müdafiə sistemini keçərək döyüşmək məcburiyyətində qalacaq ki, bu da risklidir. Ona görə də Ukraynanın KAB-dan ən yaxşı müdafiəsi indi “Patriot” kompleksidir. Onların yoxluğundan istifaəd edən Rusiyanın Avdeyevkanın bombardmanını təkrarlamağa çalışacağı gözlənilir.

“CNN” telekanalının saytında qeyd edir ki, Ukrayna Rusiyanın hava hücumlarına qarşı faktiki olaraq müdafiəsiz qalır və zenit-raket komplekslərinin sursat yükü kəskin şəkildə azalıb.

Buna görə də, F-16-ların çoxdan gözlənilən gəlişi ən azı səmadakı balansı dəyişməlidir. Ukraynanın da Rusiyanın arxa cəbhəsini vurmaq üçün uzaqmənzilli raketlərə çox ehtiyacı olsa da, Qərb onları təmin etməkdən çəkinir.

Qərbdəki beyin mərkəzlərinin və media resurslarının hesabatları və yaydığı məlumatlar, əslində son 2-3 onillikdə Ukraynanı Rusiya ilə açıq-aşkar müharibəyə sürükləyən və ona hər cür yardım göstərəcəklərini vəd edən dövlətlərin indi Kiyevi dar ayaqda qoyub geri çəkildiyini sübut edir. Ukraynanın məğlubiyyətini özü üçün əsas geosiyasi vəzifə kimi müəyyənləşdirən Moskvanın qətiyyəti qarşılığnda kollektiv Qərb cəbhəsində get-gedə dərinləşən mövqe ixtilafı Ukraynanın Rusiya ilə döyüş meydanında təkbətək qalacağı perspektivini artırır. Doğrudur, Qərbin Ukraynanı siyasi-mənəvi baxımdan dəstəkləməsi ritorikası qüvvədə qalsa da, hərbi-maliyyə dəstəyi artıq yavaş-yavaş erroziyaya uğramağa başlayıb.

Bu baxımdan, Rusiya-Ukrayna qarşıdurmasını hamıdan çox körükləyən ABŞ-nin indi yardım məsələsində yavaş-yavaş öz yaxasını kənara çəkməsi bu münaqişədə maraqlı olan digər dövlətlər üçün də pis nümunə rolunu oynaya bilər. Təsadüfi deyil ki, Ukraynanın böyük ehtiyac duyduğu hərbi-maliyyə dəstəyi problemini Vaşinqton çox böyük ustalıqla Avropanın üzərinə qoyub. Halbuki, ekspertlərin fikrincə, 4 il ərzində Avropa İttifaqının Kiyevə ayıracağı 50 milyard avroluq yardım paketi Ukraynanın döyüş meydanlarındakı problemini həll etməyəcək. Ona görə də, bu məsələdə ABŞ-nin dəstəyini heç nə ilə əvəzləməyin mümkün olmadığı vurğulanır.

Lakin indiyədək belə işlərdə dəfələrlə üzüdönüklük nümayiş etdirən Vaşinqton növbəti dəfə pul kisəsinin ağzını açmağa heç də tələsmir. Ukraynaya növbəti yardım paketinin ayrılması ilə bağlı ABŞ Konqresində yaşanan hərc-mərclik isə çox yaxşı hazırlanmış ssenariyə bənzəyir. Belə ki, dünənə qədər Ukraynaya nə vaxta qədər və nə qədər lazımdırsa maliyyə dəstəyinin göstərilməsinin ən qızğın tərəfdarlarından biri olan respublikaçı senator Lindsi Qrem indi bu köməyin heç olmasa kredit şəklində ayrılmasını təklif edir. Elə bu fonda ABŞ siyasi isteblişmentinin bəzi təmsilçiləri tərəfindən NATO-nun avropalı üzvlərinə hərbi xərclərin həcmi barədə öhdəlikləri tam şəkildə yerinə yetirmələri barədə xəbərdarlıqlar səsləndirilir.


Bu məqamlar ondan xəbər verir ki, Vaşinqtonun müttəfiqləri, xüsusən də NATO-dan kənar “müttəfiqi” Ukrayna ABŞ-nin “səxavət”ini unutmalıdırlar. Sadəcə, artıq verilmiş və verilməsi mümkün olan vəsaitlərlə bağlı Vaşinqtonun qoyacağı şərtlərə hazır olmalıdırlar. Ukrayna ilə bağlı isə Avropa İttifaqı da gələcəkdə Vaşinqtonun nümunəsini təkaralayacaq, yəni etdiyi yardımların bu və ya digər şəkildə əvəzini istəyəcək. Bu baxımdan, həqiqətən də Ukraynada vəziyyət çox kritik həddə yaxınlaşıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti