ÜST: "Dünyada qızılcaya yoluxma halları 79 faiz artıb"

      ÜST:    "Dünyada qızılcaya yoluxma halları 79 faiz artıb"
  21 Fevral 2024    Oxunub:719
Keçən il dünyada 306 000-dən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb ki, bu da 2022-ci ilə nisbətən 79% çoxdur.
AzVision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı qızılcanın sürətlə yayılması ilə bağlı narahatlığını ifadə edib.

ÜST-in qızılca və məxmərək üzrə texniki müşaviri Nataşa Kroukroft qeyd edib ki, qızılcaya yoluxma hallarının sayı ölkələr tərəfindən çox aşağı göstərilir. Real say daha çoxdur.

"Daha dəqiq məlumat əldə etmək üçün ÜST hər il rəqəmləri modelləşdirir. Son hesablamalara görə, 2022-ci ildə qızılcaya 9,2 milyon yoluxma və 136 216 ölüm halı qeydə alınıb. Keçən il üçün oxşar modelləşdirmə hələ aparılmayıb. Lakin 2022-ci ildə əvvəlki illə müqayisədə ölümlərdə 43 faiz artım müşahidə olunub. Ötən il qızılcaya yoluxma hallarının artmasını nəzərə alaraq, ölüm sayının da çox olacağını gözləyirik", müşavir qeyd edib.

N.Kroukroft xəbərdarlıq edib ki, ilin sonuna qədər dünya ölkələrinin yarıdan çoxunda qızılca xəstəliyinin yayılması riski yüksəkdir.

"Təxminən 142 milyon uşağın qızılcaya yoluxma riski olduğu təxmin edilir. Hadisələrin artmasının əsas səbəbi isə vaksinasiyanın aşağı olmasıdır. Xəstəliyin qarşısını almaq üçün uşaqların ən azı 95 faizi tam peyvənd edilməlidir, lakin dünyada peyvənd nisbətləri 83 faizə enib".

Kroukroft qeyd edib ki, qızılcadan ölən uşaqların 92 faizi dünya əhalisinin dörddə birindən az hissəsi - əsasən çox aşağı gəlirli ölkələrdə baş verib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti