Britaniya Qəzzaya humanitar yardım göndərib

   Britaniya Qəzzaya humanitar yardım göndərib
  22 Fevral 2024    Oxunub:700
Britaniya İordaniyanın əməkdaşlığı ilə Qəzza şəhərinin şimalındakı xəstəxanaya dərman və qida yardımı çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

London tərəfindən maliyyələşdirilən yardım paketi İordaniya Hərbi Hava Qüvvələri tərəfindən Qəzza şəhərinin Təl Əl-Həva məhəlləsindəki xəstəxanaya çatdırılıb. Paketə həm xəstələr, həm də işçilər üçün zəruri dərman vasitələri, yanacaq və ərzaq məhsulları daxildir.

Xarici işlər naziri Devid Kemeron bu yardımdan minlərlə xəstənin faydalanacağını diqqətə çatdırıb.

"Həyati ləvazimatları birbaşa Təl Əl-Həva xəstəxanasına çatdırmaq üçün iordaniyalı tərəfdaşlarımızla əməkdaşlıq apardıq. Qəzzada vəziyyət qorxuludur, mümkün müddətdə daha çox köməyə ehtiyac var. Odur ki təcili humanitar atəşkəsə və əsirlərin sərbəst buraxılmasına çağırırıq", - nazir deyib.

4 tonluq humanitar paket Qəzzaya 1 milyon funt sterlinqlik dəyərində yardımın çatdırılması məqsədilə Böyük Britaniya və İordaniya Haşimi Xeyriyyə Təşkilatı (JHCO) arasında bu həftə imzalanmış müqavilənin bir hissəsidir.

"Qəzzada köməyə möhtac şəxslərə yardım göstərilməsi naminə Britaniya ilə əməkdaşlığı alqışlayırıq. Tərəfdaşlarımıza bizimlə işlədiklərinə görə təşəkkürümüzü bildiririk. Bu çərçivədə lazım gəldiyi müddətcə əməkdaşlıq aparacağıq", - təşkilatın baş katibi Hüseyn Şəbli söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti