14 yaşlı Kira: "Uşaqların ailələrinə qovuşmalarını istəyirəm"

   14 yaşlı Kira:    "Uşaqların ailələrinə qovuşmalarını istəyirəm"
  23 Fevral 2024    Oxunub:744
Müharibədə yaxınlarını itirən ukraynalı uşaqlar bu gün BMT Təhlükəsizlik Şurasının xüsusi sessiyasında nitq söyləyəcəklər. Rəsmi Kiyev uşaqların timsalında ABŞ-nin daxili siyasətindəki ixtilafın Ukraynaya baha başa gəldiyini xatırlatmaq, Nümayəndələr Palatasında tərəddüdlə qarşılanan yardım paketinin təsdiqlənməsinə təkan vermək istəyir.
AzVision.az xəbər verir ki, BMT orqanında Ukraynadakı vəziyyət və öz şəxsi faciələri barədə danışacaq uşaqlar arasında mühasirədə saxlanılan Mariupol şəhərinin sakini, 14 yaşlı Kira da var.

Hazırda babası ilə birgə müharibə zonasından kənar Çernovtsı şəhərində yaşayan Kira Kira Nyu-Yorka səfərindən qabaq mediaya danışıb.

"Səhər saat 6-da məktəbə getmək üçün dayanacaqda avtobus gözləyirdim ki, bir neçə partlayış səsi eşitdim. Başa düşdüm ki, müharibə başlayıb", - o deyib.

O söyləyir ki, Mariupola zərbələr nəticəsində su və ərzaq qıtlığı, elektrik enerjisində məhdudiyyətlə üzləşiblər. Təxminən bir ay müxtəlif evlərdə, zirzəmilərdə və kilsədə gizləniblər:

"Əvvəlcə babamgilin yanına, sonra başqa rayona qaçdıq. Orada bir həftədən çox yarım partlayış səsləri səngimək bilmədi. Axırda gördük ki, yox, burada qalmaq mümkün deyil...".

(Ukraynanın su polosu üzrə kişilərdən ibarət milli komandasının keçmiş kapitanı Yevhen Obedinski)

Kiranın atası, 39 yaşlı Yevhen Obedinski Ukraynanın su polosu üzrə kişilərdən ibarət milli komandasının keçmiş kapitanı idi. O, 2022-ci ilin mart ayının 17-də Mariupolda, evinin eyvanında güllələnərək öldürülüb. Kira danışır ki, ailə məcburiyyət qarşısında qalaraq atasının cəsədini götürmədən zirzəmiyə sığınıb. Mariupoldan qaçmaq istədikləri vaxt o, rusiyayönümlü separatçılar tərəfindən tutulub və işğal altındakı Donetskə aparılıb, orada yüngül qəlpə yaraları müalicə edilib. Aparılan beynəlxalq kampaniya nəticəsində Kiyevə - babası Oleksandrın himayəsinə qaytarılıb.

(Kira və babası Oleksandr Obedinski)

Ukraynanın baş prokurorunun sözlərinə görə, müharibə başlayandan bəri iki il ərzində 528 uşaq öldürülüb, 2134-ü itkin düşüb, 19500-ü isə əsir götürülüb. Kiranın ABŞ-yə gəlməsinin səbəblərinin biri məhz əsirlərin taleyi ilə bağlı rəsmi şəxsləri məlumatlandırmaqdır. Qızcığaz ümidlidir ki, onları vətənə qaytarmaq naminə BMT-də petisiya imzalanacaq.

"O uşaqların da Ukraynaya, ailələrinin yanına qayıtmalarını istəyirəm", - o deyib.

("Ukrayna Qurucuları" qeyri-hökumət təşkilatının nümayəndəsi Mariet Hummel)

Uşaqların səfəri təşəbbüsünü irəli sürən "Ukrayna Qurucuları" qeyri-hökumət təşkilatının nümayəndəsi Mariet Hummelin verdiyi məlumata görə, onlar BMT Təhlükəsizlik Şurasında çıxışdan əlavə Vaşinqtonda dövlət məktəbinə baş çəkəcək və televiziyada da danışacaqlar.

"Məqsədimiz insan hekayələri vasitəsilə Ukraynanın demokratiya və azadlıq uğrunda mübarizəsi barədə məlumatlılığı artırmaqdır", - xanım Hummel bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   uşaqlar   BMT  





Xəbər lenti