Kreml Paşinyandan KTMT əleyhinə açıqlama ilə bağlı izahat istəyir

   Kreml Paşinyandan KTMT əleyhinə  açıqlama ilə bağlı izahat istəyir
  23 Fevral 2024    Oxunub:1083
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırması ilə bağlı açıqlamasına reaksiya verib.
AzVision.az xəbər verir ki, o, "Rusiya vəziyyətə aydınlıq gətirmək və təfərrüatları öyrənmək üçün Ermənistan tərəfi ilə əlaqə saxlamaq niyyətindədir" deyib.

KTMT qalmaqalı böyüyür - "Atəş açmayan silah" İrəvanı vuracaqmı?
“Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. Burada detalları anlamaq çox vacibdir və ümid edirik ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, - o, “Zvezda” telekanalına müsahibəsində deyib.

Kremlin sözçüsü İrəvanın məlum bəyanatlarla bağlı heç bir rəsmi addım atmamasına da diqqət çəkib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində KTMT əleyhinə açıqlamalar verib. O, ölkəsinin təşkilatda iştirakını faktiki olaraq dondurduğunu bəyan edib. Baş nazir əlavə edib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin müzakirəsi gündəmdə deyil.

KTMT isə Paşinyanın fikirlərini təkzib edib. Qurumun yaydığı məlumatda deyilir ki, İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb. O da vurğulanıb ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı danışarkən, görünür söhbət İrəvanın qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   KTMT  





Xəbər lenti